ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları davam edir. Qış əməliyyatlarının əsas məqsədi İran cəmiyyətində hakimiyyətə qarşı narazılıq yaratmaq olsa da, hələ ki rejimə qarşı ayaqlanma müşahidə olunmur.
İran ordusunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə dronlarla hücum etməsi Güney Azərbaycanda molla rejiminə qarşı nifrəti artırıb.
Gözlənilir ki, Güneyin iri şəhərlərində molla hakimiyyətinə qarşı etiraz aksiyaları təşkil edilsin.
Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli Gununsesi.info -ya açıqlamasında deyib ki, hazırda İranda etiraz aksiyalarının keçirilməsi real deyil:

“Aksiyaların keçirilməsi əvvəla, təhlükəsiz deyil. Göydən raket yağır, küçələrə çıxmaq indi çox risklidir. ABŞ və İsrail hərbi əməliyyatları dayandırmaq niyyətində deyillər. Çünki əsas hədəf vurulub: ali rəhbər öldürülüb. Amma rejim çökməyib. İranda siyasi pərakəndəlik, hakimiyyət boşluğu yaransa da, əsas güc mühafizəkarların əlindədir. Xubrəqan Məclisi ali rəhbərlə bağlı yekun qərar verə bilmədi. Gələn xəbərlərə görə, öldürülmüş rəhbərin oğlu Müctəba Xamneyi dini liderliyə iddialı 6 namizəddən biridir. SEPAH Müctəba Xamneyini rəhbər etmək istəsə də, hələlik bu plan baş tutmur. Böyük ehtimalla, Xubrəqan Məclisinin toplantısı baş tutsa, bu şəxslərdən biri: Əlirza Ərafi, Seyid Haşim Hüseyni Buşehri, Həsən Xomeyni, Həsən Ruhani, Müctəba Xamneyi və Sadiq Ərdəşir Laricani İran rəhbəri olacaq. Kəsəsi, molla rejimi vilayəti fəqih sisteminin qorunub saxlanılmasında maraqlıdır. İran cəmiyyətinin böyük əksəriyyəti, xüsusilə gənclik molla rejiminin tarixin arxivinə verilməsində, daha sivil bir idarəetmə sisteminin qurulmasından yanadır. Xalq İran rejiminə qarşı çox qəzəblidir və yanvarda törədilmiş qətliamı unutmur. Bəzi məlumatlara görə, yanvar ayında baş vermiş iğtişaşlarda 30 min insan qətlə yetirilib. Bu, şişirdilmiş rəqəm ola bilər, amma molla rejiminin qəddarlığını azaltmır, sistemin mahiyyətini yumşaltmır”.
Elman Cəfərlinin fikrincə, ABŞ və İsrail İranda kürd separatizmini alovlandırsa, o zaman Güney Azərbaycanda etnik zəmində ayaqlanma baş tutacaq:
“Qərbi Azərbaycan onsuz da həssas bölgədir. Orada illərdir türklərlə kürdlər arasında münasibətlər gərgindir. Gəlmə kürdlər yerli əhalinin münbit torpaqlarını ələ keçirir, Urmuda, Sulduzda möhkəmlənir. Əgər ABŞ və İsrailin İranda kürd planı reallaşarsa, Türkiyə və Azərbaycanın da Güney Azərbaycan planı olacaq. Mən əminəm ki, bu plan barədə danışıqlar var. Çünki Türkiyə İranda yeni kürd separatçı bölgəsinin yaranmasında maraq deyil. Tarixi torpaqlar çərçivəsində birləşmək isə Azərbaycan xalqının arzusudur. Əminəm ki, Güney Azərbaycan xalqı Türkiyə və Azərbaycandan real dəstək görsə, rejim əleyhinə hərəkatın yeni dalğası başlayacaq. İranın ərazi bütövlüyünü və xalqın birliyini təmin edən hazırkı sistem və ideologiyadır. Bu sistem çöksə, ölkədə pərakəndəlik və mərkəzdənqaçma güclənəcək. Qeyd edim ki, prezident Məsud Pezeşkian əyalət rəhbərlərinin səlahiyyətlərini artırıb. Sabah hər hansı fors-major vəziyyətdə Güney Azərbaycan ostanlarının müstəqil qərarlar verəcəyi tam realdır”.
Şəbnəm Rəhimova












