“Sumqayıt şəhərində bir sıra mədəniyyət ocaqları acınacaqlı vəziyyətdədir. Şəhərdə bəzi kitabxanaların və musiqi məktəblərinin təmirə ehtiyacı var. Cəfər Cabbarlı adına Mədəniyyət Evi isə qəzalı vəziyyətdədir”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova noyabrın 19-da keçirilən plenar iclasda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib:
“Hacı Zeynalabdin qəsəbəsində 40 mindən çox əhali yaşamasına baxmayaraq, bir dənə də mədəniyyət ocağı yoxdur. Mədəniyyət evləri və kitabxanalar yalnız mədəni-kütləvi tədbirlərin təşkilinə deyil, həm də gənclərin maariflənməsi və ziyanlı vərdişlərdən uzaq tutulmasına əhəmiyyətli təsir göstərir. Aidiyyəti qurumları bu istiqamətdə tədbirlər görməyə, təmirə ehtiyacı olan məkanları nəzarətə götürməyə və ehtiyac olan ərazilərdə yeni mədəniyyət ocaqları açmağa çağırıram”.
Elnarə Akimovadaha sonra iclasda iştirak edən maliyyə naziri Sahil Babayevə xitabən Milli Kitab Mükafatı ilə bağlı təklifini səsləndirdi: “Mən komitənin iclasında Milli Kitab Mükafatının təsis edilməsi ilə bağlı məsələ qaldırmışdım:
“İnanıram ki məsələyə həssas yanaşacaqsınız. Çünki dəfələrlərlə vurğulayırıq ki, biz siyasətdə, idman sahəsində dünyada sözümüzü demişik. Bu gün, xüsusilə, Zəfəri qazandığımız indiki reallıqda, sözümüzü, həqiqətlərimizi bədii təcəssüm predmetinə çevirməklə dünyaya çatdırmağa daha çox ehtiyac var. Siz təsəvvür edin ki, 90-cı illərdə, o çətin dövrdə Ümummilli liderimiz Heydər Əliyev ədəbiyyatımızı, mədəniyyətimizi zamanın sərt aşamalarından necə zədəsiz, bütöv çıxara bildi. Bir neçə gün əvvəl Akademiyanın 80 illik yubileyində cənab Prezident İlham Əliyev əgər milli dilin qorunmasıl ilə bağlı çağırışlar edirsə, mənə elə gəlir ki, bu gün biz kitab siyasətinə xüsusi diqqətlə yanaşmalıyıq. Çünki kitablarda bizim milli kimliyimiz, milli yaddaşımız qorunur. Dil siyasətini də bura əlavə etsək və əgər yaddaşlı nəsil yetişdirmək istəyiriksə, bu məsələlərə, kitaba, ədəbiyyata sərmayə qoymaqdan çəkinməməliyik”.
Şəbnəm












