Hesablama Palatası uzunömürlülüyü pensiya sistemi üçün risk sayır

Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn ilin büdcəsinə dair rəyini yayımlayıb.

Uyğun qanun layihəsindən bəlli olur ki, fondun 2024-cü il üçün gəlir və xərcləri bərabər olmaqla 6 milyard 920 milyon manat proqnozlaşdırılır. Bu isə cari ilin büdcəsinə nisbətən 652 milyon manat və ya 10.4 faiz çoxdur.

Hər ilin əvvəlində Azərbaycanda pensiyalar ötən il ərzində ölkədə orta aylıq əməkhaqqı məbləğindəki artım qədər indeksləşdirilir.

Başqa deyimlə, əvvəlki ildə ölkədə orta aylıq maaş neçə faiz artıbsa, pensiyalar da həmin faiz qədər artırılır.

Bu ilin sonuna Azərbaycanda orta aylıq əməkhaqqının 11 faizə yaxın artması proqnozlaşdırılır.

İlin ilk 9 ayı ərzində orta aylıq maaşdakı artım 11.3 faiz olub. Bu baxımdan, DSMF-nin büdcəsindəki artım məhz pensiyaların indeksləşdirilməsindən qaynaqlanır.

 

 

Gununsesi.info