Farmaniya.com dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Gununsesi.info “Unikal”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.
Hökmə əsasən, Hüseyn Quliyevə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsinə bəraətverici əsaslarla xitam verilib. Yekun olaraq, təqsirləndirilən şəxsə 178.2.2 və 244-1.2.2 maddələrilə cəmi 4 il müddətinə azadlıqdan məhrum etmə təyin edilib.
Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən Hüseyn Quliyevin 10 il müddətə azadlıqdan məhrum istəyib.
Qeyd edək ki, ötən ilin sentyabr ayında ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən Farmaniya.com platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.
Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs “Zevs” ləqəbi ilə tanınan məşhur videobloqer Ruslan Quliyevin qardaşıdır.












