İkram Əliyev: ““Elbrus” raketi Qarabağa gətirilsəydi, hədəfi vurma məsafəsi Bakıya çatardı”

  • By admin
  • 14 Oktyabr 2020 17:12

“Əgər dünən Ermənistanın Azərbaycanın şəhərlərinə tuşlanan raket sistemləri neytrallaşdırılmasaydı, atılan raket Bakıya və ətrafına düşüb zərər yetirə bilərdi”.

Gununsesi.info-nun məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelərin və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev deyib.

O bildirib ki, kəşfiyyat məlumatına görə, mülki yaşayış məntəqələrimizə atılan “Toçka U” raketi Xankəndidən atılıb: “Mülki əhaliyə atılan bir neçə raket havada məhv edilib. Azərbaycan həmin raket sistemlərinin atəşə başlamadan öncə tapılaraq zərərsizləşdirilməsi üçün kəşfiyyat-əməliyyat işlərinə başlayıb. Oktyabrın 12-si Qubadlı rayonu ərazisində 1 ədəd “Toçka U” ballistik raket sistemi məhv edilib. Dünən gecə saat 01 radələrində 2 ədəd, səhər saat 08 radələrində 1 ədəd “Elbrus” raket sistemi Ordumuz tərəfindən tapılaraq məhv edilib. 300 kilometr atış məsafəsinə məxsus “Elbrus” raket sistemini Dağlıq Qarabağ ərazisinə gətirilsəydi, onun hədəfi vurma məsafəsi Bakı şəhərinə çatardı. Ona görə də bilmək olmazdı ki, Ermənistan hansı şəhərə raket atacaq”.

Daha sonra İkram Əliyev Ermənistanın Azərbaycanın mülki ərazisinə atdığı raket sistemləri, onların hədəfi vurma məsafəsi və digər texniki göstəriciləri haqda diplomatik korpus nümayəndələrinə məlumat verib.

 

Gununsesi.info