İlahi nişanələri necə görmək olar?

  • By admin
  • 15 Noyabr 2020 21:10

Məhərrəm-Səfər əyyamını yaşamaqdayıq. Bu əyyamı yaşadıqca Aşura, Kərbəla məktəbindən böyük dərslər, ibrətlər götürmək üçün fürsətlər yaranır. Kərbəla dərsinin hər səhifəsini vərəqlədikcə, həyatımız, günümüz üçün nə qədər öyrənməli mövzuların olduğunun şahidi oluruq.

Qiyamətədək yaşayacaq yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə məktəbi

Bütün dünyanı düşündürən sual, mövzudur ki, necə bir durum, vəziyyət yaranır ki, Peyğəmbərin (s) əziz nəvəsi, cənnət cavanlarının ağası olan İmam  Hüseyn (ə) öz yaxınları, əzizləri, körpələri ilə birgə Kərbəlada müsibətlər yaşamalı olur? İmam Hüseyni (ə) bu yola çıxardan nə idi?

Bu sualın cavabında ən gözəli – İmam Hüseynin (ə) müxtəlif anlarda, şəraitlərdə, Mədinədən çıxıb Məkkəyə gedənə qədər, Məkkədən Kufəyə qədər, Kərbəlaya çatana qədər özünün mübarək çatdırışlarına diqqət edək. “Mən yalnız cəddimin (Həzrət Peyğəmbərin (s)) ümmətinin islahı üçün vətənimdən çıxmışam. Qəsdim odur ki, əmr-be-məruf və nəhy əz-münkər edim, cəddimin (Həzrət Peyğəmbərin (s)) və atam Əmirəlmömininin (ə) sirəsinə əməl edim”.

Yəni bir neçə on ilə Peyğəmbərin (s) qurduğu İslam ümməti o qədər tənəzzül etdi, o qədər gerilədi ki, İmam Hüseyn (ə) o ümmətin islahı üçün yola çıxmalı oldu. Kərbəla – dindarlığın müsibətini göstərir. Kərbəla – ümmətin tənəzzülünü, deqredasiyasını, geriləməsini göstərir.

Kərbəla bunu öyrədir ki, zahirdə namaz da, oruc da, Quran oxumaq da qala bilir, amma İslamın ruhu, canı, həqiqəti sıradan çıxa bilir. Bu zaman müsəlmanlar ümmət halından çıxıb, o vəziyyətə gəlib çatırlar ki, Allahın İmamını (ə), höccətini öldürməyə qədər hazır olurlar.

İmam Hüseyn (ə) öz qiyama qalxmasını, vücudi ayağa qalxmasını bununla izah edir. Bir vəziyyət meydana gəlib ki, İslam bir həqiqi din olaraq sıradan çıxa bilər. Bunu sığortalamaq üçün pak Hüseyn (ə) qanı tökülməlidirsə, o Həzrət (ə) buna “ləbbeyk” deyir…

İmam Hüseyn (ə) müsəlman toplumunun bu geriləməsini görərək, nəzəriyyədə deyil, praktikada həqiqi İslamı diriltmək üçün, ümmətin islahı üçün Mədinədən çıxır. İmam (ə) yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə missiyasını həyata keçirdir.Çünki, bir toplumda yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə olmasa, o toplum məhv olar və tənəzzül edər, necə ki, bu onilliklər ərzində tənəzzül etmişdi və məhvə tərəf çatmışdı. Çünki, yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə işığının qarşısını maksimal dərəcədə almışdılar.

Həzrət Əlini (ə) xanənişin etməklə, o böyük insanı cürbəcür fitnələrə, müharibələrə məşğul etməklə, İmam Həsənin (ə) dövründə maksimal məhdudiyyətlərlə səciyyələnən durum, İmam Hüseynin (ə) dövründə ümumiyyətlə bu nur işığını söndürmək səviyyəsinə çatdırmağa cəhd edilir. Amma, Allahın Özünün də hesab-kitabı var. İmam Hüseyn (ə) Qiyamət gününə qədər diri qalacaq yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə məktəbini yaşatmaq üçün yola düşür. Və Aşura Qiyamət gününə qədər diri olaraq bu məktəbi saxlayır. İmam Hüseyn (ə) eyni zamanda vurğulayır ki, o, öz qiyamı ilə əslində Həzrət Peyğəmbərin (s) və Həzrət Əmirəlmömininin sirəsinə, yoluna əməl edir.

İslam, inanc – budur.

İlahi nişanələr nədir?

Allah Təala Qurani-Kərimdə “Həcc” surəsinin 22-ci ayəsində buyurur: “Kim Allahın nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur”. Allah Təala Qurani-Kərimdə İlahi nişanələr kimi bir neçə nümunələr təqdim edir və sözügedən ayə də həcc əməlləri ilə bağlıdır. Allah Təala Həzrət İbrahimlə (ə) bağlı olan əməlləri, həcc əməllərini, Səfa və Mərva arasında hərəkətlənmələri, qurbanverməni İlahi nişanələr kimi çatdırır.

Amma müfəssirlər izah verirlər ki, İlahi nişanələr, simvollar bununla məhdudlaşmır. Qarşılaşdığın zaman dinin ruhunu çatdıran, canını çatdıran hər bir əlaməti, görsənən cəhəti İlahi nişanəyə aid edirlər.

Bu mövzuda bir neçə təfsiri nöqtələrə diqqət edək və Kərbəla məktəbinə tərəf gələk. Qurani-Kərim həccin əməllərini, Səfa və Mərvanı, qurban kəsməni – İlahi əlamət, simvollar kimi təqdim edir. Amma bunlarla kifayətlənmir. Bütün cəm ibadətlər, bütün kütləvi dinin yaşanmaları – əslində İlahi nişanədir.

Təqvanın mütləq təzahürü olmalıdır

Təqva ilə bağlı müfəssirlər qeyd edirlər ki, təqva elə bir ruhi halətlərdəndir ki, onun təzahür və əlamətlərindən onun varlığını anlamaq olur. Bir insan təqvalıdır ya yox, təqva onun qəlbindədir, ya yox – bunu onun rəftar və davranışlarından anlamaq olur. Adam var ki, namazın vaxtı gəlir, heç bir işi, məsələsi yoxdur, sadəcə olaraq özü üçün səhlənkarlıq edir. Bu, göstəricidir ki, təqvası zəifdir. Adam var ki, Allahın vacib buyurduğunu yaşatmaq üçün məsuliyyəti, həyəcanı var.

Təqvanın əlaməti – zahirdə Allahın hüdudlarını, əmrlərini necə yaşatmaqla bağlıdır. Misal üçün, Məhərrəmlik əyyamıdır, xanımlar qara hicablarını taxırlar, möminlər qara köynəklərini geyinirlər. Bunlar – Hüseyni (ə) ruhiyyədə, təqvalı ruhiyyədə olmağın nişanəsidir. Deməli, təqvanın mütləq zahiri təzahürü olmalıdır. “Mən təqvalıyam” deməklə, “Əsas qəlb təmiz olsun”, “Əsas qəlbdə olmalıdır” deməklə təqvalı olmaq mümkün deyil. Təqvanın mütləq şəkildə təzahüru olmalıdır. Aşuranın, Məhərrəm-Səfər əyyamının yaşanması bütün dünyada təqvalı insanı düşündürən və məsuliyyətləndirən mövzulardandır. Təqvalı insan əlindən gələni etməlidir ki, Məhərrəm-Səfər əyyamının ən ali şəkildə yaşanması baş tutsun.

Hər kim İlahi nişanələrin, əlamətlərin yaşanmasına, hörmət olunmasına, böyük tutulmasına etinasız olsa, əslində bu, onun qəlbində təqvanın azlığının göstəricisidir. İlahi nişanələri, İlahi əlamətləri böyük tutmaq, hörmət qoymaq – təqva üzərində olmalıdır. Bu, çox mühüm bir məsələdir ki, İlahi nişanələrin əziz, böyük tutulması təqva üzərində olmalıdır, nəfs üzərində olmamalıdır.

Məhərrəm-Səfər əyyamını yaşatmaq – İlahi nişanələrdəndir

Həzrət İmam Hüseynin (ə) şəhidliyi və əzadarlığı, Məhərrəm-Səfər əyyamının yaşadılması – həmin o İlahi nişanələri diri saxlamaq, hörmət qoymaq, böyük tutmaqdır. Əslində Allahın bizlərə olan əmrini, buyuruşunu yerinə yetirməkdir Məhərrəm-Səfər əyyamını yaşatmaq.

Soruşurlar ki, nəyə görə Məhərrəm-Səfər əyyamı boyunca əzadar oluruq? Çünki, bu məktəb, bu oyanış, şəhidlik – Allahın nişanələrindəndir. Biz onu böyük tuturuq, ona ehtiram göstəririk, onu diri saxlamaq istəyirik. Bununla da əslində özümüzün mənəvi təkamülünə nail olmuş oluruq. Bu, namaz kimi, oruc kimi, bütün vacibatlar kimi önəmlidir. Buna etinasız olmaq – təqvanın azlığının əlaməti olmuş olar.

Bu anlamda Məhərrəm-Səfər əyyamı, Aşura və Ərbəinin – özü İlahi nişanələrdəndir və onları diri saxlamaq İlahi nişanələri diri saxlamaqdır. Ərbəin son illər ərzində xüsusən bariz şəkildə parlayan İlahi nişanələrdəndir. Bütün dünya baxır, milyonlar, onmilyonlar İmam Hüseynə (ə) tərəf, eşqə, məhəbbətə tərəf addımlayır. Allah tezliklə bu fürsətləri yenidən bərpa etsin!

Şəhidləri anmaq – İlahi nişanələrdəndir. İslamın böyük şəhidlərini anmaq, Vətən üçün canından keçmiş əziz şəhidlərimizi anmaq – İlahi nişanələrə etiram göstərmək və onları böyük tutmaqdır. Çünki şəhidlər – İlahi bayraqlar, simvollar, nişanələrdir. Aşura mərasimləri, əzadarlıq mərasimləri – öz-özlüyündə İlahi bayraqlardır. Məscidlər, ziyarətgahlar – Allahın nişanələrindən, əlamətlərindəndir. Onları diri saxlamaq, uca tutmaq, hörmət saxlamaq – təqvanın əlamətlərindəndir. Əzadar möminlərin qara köynəyi, xanımların qara örpəyi – İlahi nişanələrdəndir.

Maraqlı hidayət hadisəsi

Təqva və hidayətlə bağlı bir zaman ibrətamiz bir hadisə danışdılar. Bir nəfər nəql edir ki, çox qəribə bir şəraitdə hidayət olmuşdur. Deyildi necə? Dedi: “Mən Bakının mərkəzində bir zirzəmiyə gedib-gəlirdim. İşim-gücüm o zirzəmiyə gedib, alkohollu içkilər qəbul etmək idi. Bir gün gördüm mənim kimi birisi o zirzəmidən çıxır, yanında da balaca qızı. O qədər pis vəziyyətdə idi ki, o qədər başı məst olmuşdu ki, taksiyə minib gedir və öz doğmaca qızı onun yadından çıxır. Qızcığaz orada qalır. Balası qışqırır ki, ay ata, məni hara qoyub gedirsən, mən nə edəcəm?!”.

Bu insan bunları görür, uşağı evinə çatdırır. Amma deyir, onda mən barmağımı dişlədim, dedim: “İlahi, bu nə həyatdır mən yaşayıram, bu nə şəraitdir, bu nə vəziyyətdir?! Bu nə heyvani yaşamdır ki, insan öz doğmaca qızını küçədə qoyub gedir?! Axı elə mən də bu gündəyəm”. Və həmin gündən bütün zəlalətləri bir kənara qoyur, haqqı tapır.

Bu, təkcə alkoholla, digər məsələlərlə bağlı deyil. Olur ki, insan, toplum o qədər özünü İlahi tofiqatdan kənara salır ki, hər gün ona zülm olunur, amma o, bunu heç görmür də. O, artıq buna vərdiş edib. Görmür zülmü. Amma bir gün özünə deyir ki, “İlahi, bu nə yaşamdır, bu nə heyvani durumdur ki, mən sürürəm?!”. Sürünməkdən bezir. İnsan olur yenidən. Qayıdır öz fitrətinə.

Allah Təala bizi sevir. Dünyaya gələndən bizə tofiqatlar verir, bizə imkanlar verir ki, ayılaq, dərk edək o vaxta kimi ki, qəlbimiz daşlanmayıb. O vaxta kimi ki, gözlərimiz kor olmayıb. O vaxta kimi ki, qulaqlarımız karlaşmayıb.

Bu neçə illərdə nələrin şahidi olmadı insanlar! Birilərin süqutunun, heyvani sifətlər əldə etməsinin, digərlərin intibahının, öz nəfsinin əsarət zəncirlərini qırmasının. Ömrünü diz üstə keçirən insanların, zilləti qəbul etməyə adət etmiş insanların ayılmasının. Mərd olmasının, şəxsiyyət olmasının.

Seçim həmişə insanın özünündür. İnsan heç kəsin üzərinə yıxa bilməyəcək öz məsuliyyətini.

Bu baxımdan biz görürük ki, ən ağrılı məsələlərdən biri budur ki, insan günah etdikdə, təqvasızlıq etdikdə, yalan danışdıqda Allah Təala ona olan hidayət limitini, tofiqat limitini yekunlaşdırar. Deyər, daha sən get. Sən get, özün özünə bir çarə qıl. Sən ki, haqqa, vicdana əsaslanmayıb həyat sürürsən, yalan danışırsan – get, sənin o yalanın indi sənə köməkçi olsun. Allah insanı belə aqibətdən saxlasın…

Şeytanın (lən) nişanələrini yaşadanlar – küfr əhlidir

Necə ki, İlahi nişanələri böyük tutmaq əslində İlahi təqvanın, qəlblərdəki təqvanın göstəricisidir, bunun əksi olan şeytanın (lən) nişanələrini, simvollarını diri tutmaq, böyük tutmaq – küfrün, Allahsızlığın əlamətlərindəndir. Bu gün dünyada baxıb görürük ki, insanlar var ki, tövhidpərəstlərin, haqq yolçularının cərgəsində yer tutublar, insanlar da var ki, şeytanətin, zalımların yanında yer alır. Günümüzdə görürük ki, Qüds, Fələstin mövzusunda bəzi xəyanətkar ərəb ölkələri əslində şeytani nişanələrin yanında yer alırlar. Bununla da əslində özlərinin küfrə yönəldiklərini göstərmiş olurlar.

Bunun müqabilində İslam ümməti haqqın, doğrunun yanında olmağı anlayır. Qüds, Qarabağ, bütün İslam torpaqları – əslində İlahi nişanələrdəndir və onlara münasibət ilə insanların və ümmətin təqva durumu müəyyənləşə bilər. İslam torpaqlarının müafiəsində durmaq, haqqın yanında olmaq – əslində hər bir müsəlmanın, möminin vəzifəsidir.

Allah Təala bizlərə bu mövzuları dərk etmək, anlamaq tofiqatı nəsib etsin!

Allahım, bizləri İlahi nişanələri diri saxlayanlardan, böyük tutanlardan qərar ver!

Allahım, İslam ümmətinə səbatlı haqqın yanında, İlahi nişanələrin yanında olmağı nəsib et!

Allahım, fitnəli zamanlarda İslam ümmətinə oyanış, bəsirət nəsib et! Amin!

Gununsesi.info