Tacikistan Prezidenti Emoməli Rəhmon hicabın ölkə ərazisində qadağan edilməsi ilə bağlı qanunu imzalayıb.
Bildirilir ki, qanunun məqsədi “cəmiyyətdə xurafat və fanatizmin qarşısını almaqdır”.
Qanuna əsasən, ölkədə “milli mədəniyyətə yad olan geyimlərin idxalı, satışı və ictimai yerlərdə geyinilməsi” qadağandır.
Bildirilir ki, bu qadağalar ölkədə milli dəyərlərin qorunmasına və ekstremizmin qarşısının alınmasına yönəlib.
Qeyd edək ki, dünən Dağıstanın müftisi Əhməd Abdullayev ölkədə niqab taxmağın qadağan edilməsinə dair qərar verəciləcəyi barədə də açıqlama verib.
Gununsesi.info-ya danışan Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ilahiyyatçı Tural İrfan deyib ki, bir çox ölkələrdə hicabın və niqabın qadağan olunması məsələsi gündəmdir:
“Tacikistan, Türkmənistan bu kimi ölkələrdə müəyyən məhdudiyyətlər qüvvəyə minir. Dinimizdə qadının qapanması, hicab geyinməsi əmr edilib. Ancaq bəzi ölkələrdə bu cür qadağalar, məhdudiyyətlər qoyulursa, demək ki, həmin ölkələrin özünəməxsus səbəbləri var. Bu ölkələrin özünəməxsus, öz milli geyimləri var. Bu geyim tərzləri isə ölkədə qadağan olunmayıb”.
Tural İrfan əlavə edib ki, tamamilə örtünmək, ərəb millətçiliyinə məxsus olan qara çadra, niqab, üzü tamamilə bağlamaq artıq dini tələb yox, sanki son vaxtlar bir radikal rəmzə çevrilmişdir.
İlahiyyatçının sözlərinə görə, bu, din pərdəsi altında ərəb şovinizminin rəmzidir və bu səbəblərdən Tacikistan kimi ölkələrdə qadağalar tətbiq edilir:
“Bir çox müsəlman ölkələrinin özünəməxsus milli geyimləri olduğu kimi, Azərbaycan xalqının da milliliyini qoruyan bir geyim tərzi vardır. Bu geyim tərzləri məhz elə dini tələblərə də cavab verir”.
Şəbnəm Rəhimova
Gununsesi.info