
Ötən gün vəfat edən keçmiş baş prokuror və ədliyyə naziri İlyas İsmayılovlavida mərasimi keçirilir. Mərasim Heydər Məscidində keçirilir.
Gununsesi.info xəbər verir ki, Heydər məscidində keçirilən mərasimdə ictimai-siyasi xadimlər, mərhumun partiyadaşları, ailə üzvləri və yaxınları iştirak edirlər.
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq deputat Sabir Rüsrəmxanlı bu sözlərlə yad edib: “İlyas İsmayılov ömrünü gözəl və kişi kimi yaşayıb. Onunla tez-tez görüşürdük. İlyas İsmayılov nadir insanlardan idi və həyatında ancaq bir prinsip vardı: Ədalətli olmaq. O, ədalətli insan idi”.
Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.
O, fevralın 17-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
İ.İsmayılovun səhhətində xeyli vaxtdır problemlər vardı. Partiya lideri insult keçirmiş, daha sonra komaya düşmüşdü. Onun böyrəkləri də funksiyasını itirmişdi.