“İndi hökumət xalqa necə izah etsin ki, vəzifəli şəxslər​ toy edə, karantin rejimini poza bilər, digərləri yox” - QÜDRƏT HƏSƏNQULİYEV

  • Müəllif: admin
  • 23 Avqust 2020 11:25
Gununsesi.info xəbər verir ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az – ın sualını cavablandırıb:
– Qüdrət bəy, Ramiz Mehdiyevin ailəsi tərəfindən​ karantin rejimi qaydalarının pozulmasından sonra hüquq mühavizə orqanları tərəfindən müəyyən tədbirlərin görülməsi​ internet üzərindən belə bir təxribatçı fikirlərin​ yayılmasına səbəb olub ki, Prezident İlham Əliyev Naxçıvan və Qərbi Azərbaycan kökənli vətəndaşlar arasında etimadı itirib və bu bölgədən olan klanlarla münasibət​ soyuq müharibədən isti müharibə mərhələsinə daxil olur və s. Bu barədə nə deyə bilərsiniz?
​- Klan – keçmiş sovet respublikalarında eyni bölgədən olan insanların iqtisadi və siyasi müstəvidə bir-birini müdafiə etmək məqsədilə yaratdıqları cinayətkar birlik kimi qəbul olunur. Klanlar sadə insanların hüquqlarını müdafiə məqsədilə yaradılmır.Əksinə sadə insanların həyatını yaxşılaşdıracaq inkişafa maneə olurlar.Regionlarda qeyd olunan bölgələrdən olan elə qaniçən ,feodal təfəkkürlü məmur-rəhbərlər​ var ki, onların​ vəzifədə qaldığı hər gün​ on minlərlə vətəndaşın​ iztirabı deməkdir. Ona görə də İlham Əliyev hansısa klana müharibə edibsə bunu alqışlamaq və Prezidenti elliklə müdafiə etmək lazımdır. Xüsusilə bunu həmin bölgənin insanları etməlidir. İkincisi, dünənə qədər deyirdilər ki, Prezident Qarabağlılara (əslində hansısa klan nəzərdə tutulurdu) soyuq münasibətinə görə onlar arasında nüfuzunu itirib. Prezident hər bir azərbaycanlının Prezidenti olmağa çalışır və başlatdığı islahatlara görə güc strukturlarından, xalqdan və beynəlxalq birlikdən ciddi dəstəyi var. Açıq formada ona qarşı çıxmğa iqtidar daxilindən kimsənin cəsarət edəcəyini​ düşünmürəm. Xalqımız da bilməlidir ki, mövqelərini itirəndən sonra regionçuluq mərəzinə yoluxan hansı​ keçmiş məmurun qapıları vəzifədə olarkən sadə insanların üzünə açıq olub?. Sadəcə dünən xalqın passivliyindən, heç nəyə reaksiya verməməsindən​ danışanlar utanmadan bir gün sonra sentyabrda hansısa böyük hadisələrin baş verəcəyindən,klanlar arası savaşdan danışırlar. Bu tipli söhbətlər çarəsizlikdən doğan qeybəti xatırladır.
​Yeri gəlmişkən İlham Əliyevin Ramiz Mehdiyevi alçaltması barədə deyilənlər də boşboğazlıqdan başqa bir şey deyil. Dünənə qədər qanunların hamıya şamil olunmadığını deyənlər nədənsə qanunun aliliyinin təmin olunmasından narahat olublar. 2019-cu ildə ölkədə 70 minə yaxın​ ailə qurulub. Bu il isə gənclərimiz pandemiya səbəbindən tətbiq olunan karantin rejiminə görə​ toy edə bilmir.Onlar ailələri ilə birlikdə toylara icazə veriləcəyi günü gözləyirlər. On minlərlə sadə vətəndaşımız isə karantin rejimini pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub.​ İndi hökumət xalqa necə izah etsin ki, vəzifəli şəxslər​ toy edə, karantin rejimini poza bilər, digərləri yox. İlham Əliyev heç kimi alçaltmayıb, əksinə, onun və iqtidarın nüfuzuna zərbə vurmağa, karantin rejimini təmin edən Daxili İşlər Nazirliyinin hörmətdən salınmasına cəhd olunub. İlham Əliyev isə iqtidarın nüfuzunu qorumaq, sosial ədaləti bərpa etmək və qanunun aliliyini təmin etmək üçün qətiyyətli addım atıb. Prezidentin bu addımına görə ona​ hücum edənlər əslində​ təsdiq edirlər ki, onlar​ məslək sahibi deyillər. Sadəcə hakimiyyət uğrunda bütün vasitələrlə mübarizə aparırlar, yaxud belə mübarizə aparanların əlində alətdirlər.
Gununsesi.info