“İran ABŞ-la nüvə danışıqları fonunda edamları artırır” — 73 yeniyetmə edam edilib

“İran ABŞ-la nüvə danışıqları apardığı bir vaxtda dövlət tərəfindən həyata keçirilən edamların sayını artırır”.

Gununsesi.info xəbər verir ki, bu barədə Fox News-un 2 may 2025-ci il tarixli hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, İran rejimi 2024-cü il iyulun 8-də Pəzəşkiyanın hakimiyyətə gəlməsindən bəri 1051 nəfəri edam edib. Təhlükəsizlik üzrə mütəxəssislər bu artımı ciddi siqnal kimi qiymətləndirir və hesab edirlər ki, bu məqam ABŞ-ın Tehranla apardığı nüvə danışıqlarında nəzərə alınmalıdır.

İran Milli Müqavimət Şurasının (NCRI) Fox News Digital-a təqdim etdiyi məlumata görə, 2023-cü ildəki 853 edamla müqayisədə bu göstərici 20 faizdən çox artım deməkdir.

Məlumata görə, Pəzəşkiyan 2024-cü il prezident seçkilərindən bir neçə gün əvvəl, seçicilərin rekord dərəcədə az iştirak etdiyi bir vaxtda qalib gəlməmişdən öncə televiziya debatında demişdi:

“Öz davranışımıza, bahalıq şəraitinə, qızlara qarşı münasibətimizə və internetə senzura tətbiq etdiyimizə görə xalqın dəstəyini itirmişik”.

O, həmçinin insanların məhz hakimiyyətin davranışlarına görə narazı olduğunu bildirib.

Bu bəyanat onun ABŞ-la nüvə danışıqlarında dialoqa açıq olduğunu ifadə etməsi ilə birlikdə, uzun müddətdir islahat gözləyən iranlılarda ümid yaratmışdı.

Lakin vəziyyət əks istiqamətdə inkişaf etdi – edamların sayı daha da artdı və bu, əsasən narkotiklərlə bağlı ittihamlar, müxalif şəxslərə və 2022-ci il etirazlarında iştirak edənlərə qarşı yönəldi. Edam olunanlar arasında qadınların, həmçinin cinayəti törədərkən azyaşlı olan şəxslərin sayı da artdı.

İran Milli Müqavimət Şurası bazar ertəsi yaydığı bəyanatda bildirib ki, bu qədər vəhşilik və qəddarlıq İranı idarə edən dini rejimin çıxılmaz vəziyyətə düşdüyünü göstərir. Bildirilib ki, rejimin ali rəhbəri Əli Xameneyi edam və qətllərlə ölkədə baş qaldıra biləcək üsyan və rejimin devrilməsi təhlükəsindən yayınmağa çalışır.

“Amnesty International” isə bu ayın əvvəlində açıqlama yayaraq qeyd edib ki, İranda 9 yaşlı qızlar, 15 yaşlı oğlanlar belə edama məhkum oluna bilər.

Təşkilat onu da əlavə edib ki, 2005–2015-ci illər ərzində azı 73 yeniyetmə edam edilib və İran rəsmilərinin bu dəhşətli təcrübəyə son qoyacağına dair isə heç bir əlamət görünmür.

Maraqlısı da budur ki, bu insan haqları pozuntuları ABŞ-ın Tehranla nüvə sazişi əldə etməyə çalışdığı bir dövrdə baş verir. Beynəlxalq ictimaiyyət isə İran rejiminin bu qanunsuz addımlarının danışıqlarda nəzərə alınmasına çağırır.

İran Milli Müqavimət Şurasının seçilmiş prezidenti Məryəm Rəcəvi beynəlxalq ictimaiyyətə müraciət edərək bildirib ki, rejimlə hər hansı razılaşma yalnız işgəncələrin və edamların dayandırılması şərti ilə bağlanmalıdır. O, həmçinin İranın insan haqları pozuntularının BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmasını və BMT-nin xüsusi məruzəçisinin 2024-cü ilin iyul hesabatında qeyd etdiyi kimi, ali rəhbər Əli Xameneyi və digər rejim liderlərinin insanlığa qarşı cinayətlər və soyqırım ittihamları ilə mühakimə olunmasını tələb edib.

 Rəcəvi Fox News Digital-a verdiyi açıqlamada bildirib ki, rejim bölgədə ard-arda məğlubiyyətlərə uğradıqdan və ölkədə üsyan təhlükəsi ilə üz-üzə qaldıqdan sonra edam və qətllərin sayını vəhşicəsinə artırıb. O, eyni zamanda İran xalqını, xüsusilə də gəncləri “Edama Yox” hərəkatına qoşulmağa və bu cür repressiyalara qarşı çıxmağa çağırıb.

Bununla belə, İranın müxtəlif bölgələrində tələbələr rejimə qarşı etiraz edərkən ciddi təhlükə ilə üzləşirlər. Məlumatlara görə, prezident Pezəşkiyan və təhsil naziri Əlirza Kazımi dövlət təhlükəsizlik qüvvələrini səfərbər edərək, gənclərə qarşı yönəlmiş “mədəni nüfuz”, “düşmənin həyat tərzi” və “vəsvəsə” kimi adlandırdıqları təsirləri boğmağa çalışırlar.

Şəbnəm Rəhimova

Gununsesi.info