Qurban Qurbanov: Futbolçularda xeyli yorğunluq var idi

“Komandamız oyuna demək olar ki, tam hazırdır. Həm rəqibi yaxından tanımışıq, həm də onların oyununu ətraflı analiz etmişik. Düzdür, bura gələnə qədər olduqca uzun bir yol qət etdik. Dünən bütün günümüz yolda keçdiyi üçün futbolçularda xeyli yorğunluq var idi”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri”yə (İslandiya) qarşı keçiriləcək cavab oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis uzun səfərə baxmayaraq, komandanın matça tam hazır vəziyyətdə olduğunu bildirib. O, hava şəraitinin də futbol oynamaq üçün əlverişli olduğunu vurğulayıb:

“Hava şəraiti olduqca yaxşıdır. Havanın bir qədər soyuq olmasına baxmayaraq, hazırda tam mənası ilə əsl futbol havası hökm sürür”.

Qurbanov heyətdə müəyyən dəyişikliklərin mümkünlüyünü də istisna etməyib:

“Bəzi futbolçularda kiçik fiziki disbalans yaransa da, komanda intizam və motivasiya baxımından oyuna tam köklənib. Keçən oyunla müqayisədə start heyətində müəyyən dəyişikliklərin edilməsi istisna deyil”.

Gununsesi.info