Çingiz Sultansoy: Fazil Mustafanın tarix mühakimələrində anaxronizm və “minimalizasiya”

  • Müəllif: Şəbnəm
  • 02 Sentyabr 2026 17:11

Tanınmış deputat Fazil Mustafa əvvəlcə Facebook şəbəkəsindəki paylaşımında, sonra “Gününsəsi” saytında gedən “Cəhalət dəllallığı” adlı 29.08.26 tarixli köşə yazısında ad çəkmədən belə bir fikir səsləndirib:

“Cəmiyyətə arxivşünasları möhtəşəm tarixçi kimi sırıyanlar indi onların yalanlarının qurbanına çevrilməyə başlayırlar”.

Böyük ehtimalla Fazil müəllimin atmacası Şah İsmayıl Səfəvi mövzusunda diskussiya apardığı opponenti, görkəmli tarixçi, kitabları dünya çaplı xarici universitetlərin kitabxanalarında saxlanılan, o universitetlərin bəzilərində dərs deyən Cəmil Həsənliyə ünvanlanıb.

Amma yazı Cəmil Həsənliyə aid olsa da, olmasa da, qeyd etməliyəm ki, Fazil Mustafanın bu cür polemika fəndinə “minimalizasiya” deyilir.

Minimalizasiya opponentin statusunu kiçiltmə, aşağılama cəhdidir və diskreditasiyanın – gözdən salmanın üsullarından biri, tərkib hissəsidir. Bu üsula ictimai-siyasi, elmi və başqa mübahisələrdə daha çox rəqibin arqumentlərinə cavab verə bilməyəndə əl atırlar.

Maraqlı olanj budur ki, Fazil Mustafanı müdafiə mövqeyindən çıxış edən və intellektual kimi təqdim edən tanınmış nasir və publisist Aqşin Yenisey yazıb:

“Tarixçi alimin işi bu dövrü araşdırmaqdır, nəticə çıxarmaq deyil. Nəticə çıxarmaq və o nəticəni gələcəyə daşımaq intellektualın işidir. Çünki alim akademik çərçivədən kənara çıxa bilməz, əlindəki faktı şərh edə bilməz”.

Aqşin Yeniseyin üç cümlədən ibarət bu fikrində elmin, xüsusən də tarixin çağdaş metodologiyası baxımından üç önəmli səhv var.

Səhvlər onun akademik elmin mahiyyətini yanlış anlamasından, bir də tarixçi alim ilə intellektualın iş və fəaliyyətini süni şəkildə bir-birindən ayırmasından irəli gəlir.

Yazar tarixçi alimin rolunu, sadəcə, məlumat toplamaq və qeydə almaq, bir növ arxivarius və salnaməçi işi səviyyəsinə endirərək çox daraldır. Buradakı fikirlərin yanlışlığını tam təhlil edib göstərmək çox yer və vaxt aparar, hələlik qalsın.

Bircə onu deyim ki, elə bu cümlələrdə Cəmil Həsənlinin alimliyinin etirafı var. Bu da deputatı müdafiə edən Aqşin Yenisey üçün az şey deyil.

Qayıdaq Fazil Mustafanın mühakimələrinə.

Hörmətli deputat yazır:

“Bir adam ki, həm şanlı Cümhuriyyətimizi araşdırıb onun irsini böyük dəyər olaraq görürsə, ardınca da XVI əsr qaranlıq keçmişinin “gözəlliklərini” mədh edirsə, zərrə qədər Cümhuriyyətin quruluş fəlsəfəsini anlamayıb demək”.

İstənilən qələm sahibi 1918-1920-ci illərin Cümhuriyyət dövrünü yüksək qiymətləndirib, ondan əvvəlki 500 illik tarixi də istədiyi zaman “qaranlıq keçmiş və cəhalət” adlandıra bilər. Daha kəskin və sərt də deyə bilər. Həqiqətən, o dövrdə qaranlıq, qəddarlıq və cəhalət çox olub, bu məlum. Amma bu məsələni konkret mövzuda adı çəkilməyən opponentə xitabən danışmaq nə dərəcədə elmi və doğru yanaşmadır?
Əvvəla, sərhədlərimizi, regionun etnik və siyasi kimliyini yaradıb, möhkəmləndirib, dilimizlə birlikdə bizə miras qoyan Şah İsmayıl və Səfəvi dövləti olmasaydı, 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətini elan etmək üçün əlində nə coğrafi, nə elmi-tarixi, nə siyasi, nə də mədəni arqumentlər olmayacaqdı və ya çox zəif olacaqdı. Bu əlaqəni görməmək, Şah İsmayılın Azərbaycan dövlətçiliyi, çağdaş Azərbaycan üçün gördüyü faydalı işi və apardığı siyasəti görməzdən gəlib, ancaq qəddarlığını və “cəhalətini” qabartmaq elmi yanaşma sayıla bilərmı?

İkincisi, elə bu məqamla bağlı keçmişin hökmdarlarının – Şah İsmayılın, ya Sultan Süleymanın, ya məsələn, alman kralı Ulu Fridrixin çağdaş dövrün anlayışları və tələbləri, insan hüquqları, tolerantlıq ya millətçilik baxımından təhlilinə baxaq. Bir qədər sadəlövh və gülünc olsa da, belə təhlilin hələ yeri var. Amma tənqidin və qınağın?..

Ən azı ona görə ki, XVI əsrdə bütün dövlətlər zamanının dini-mənəvi dəyərləri, siyasi-iqtisadi-hərbi imkanlarıyla hərbi ekspansiya üzərində qurulurdu. Onlara elmi-siyasi qiymət verərkən, çağdaş meyarlarla deyil, tarixi fiqurların öz dövrünün meyarlarına, habelə bu günə – dövlət quruculuğuna, mədəniyyətə və dilə verdiyi töhfələrə əsaslanmaq gərəkdir.

Üçüncüsü, tarixi çağdaş meyarlarla qiymətləndirmək tək Fazil müəllimin səhvi deyil, geniş yayılmış səhvdir. Lakin “anaxronizmin” adlanan səhvin geniş yayılması ona bəraət qazandırmır axı. Anaxronizm örnəkləri kimi müasir dövrün anlayışlarının, mənəviyyatının, motivlərinin və ya texnologiyalarının keçmişdəki insanlara aid edilməsini göstərmək olar. Anaxronizmin müxtəlif formaları var – tarixdə, ədəbiyyatda, rəssamlıqda, kinematoqrafiyada və s.

Fazil Mustafanın tarixi-siyasi təhlillərinin anaxronizmlərini professor Cəmil Həsənli göstərib. Onun fikrini daha sadə formada çatdırmaq üçün ədəbiyyat və kinematoqrafiyada hipotetik anaxronizm misalları göstərim.

Fazil müəllimin orta çağ hökmdarlarının əməllərini çağdaş millətçilik və humanizm meyarlarıyla qiymətləndirməsi tarixi romanda və ya bədii filmdə Çingiz xanın qoşununda ox atmaq əvəzinə tüfəngdən ya avtomatdan güllə atmaq kimi bir şeydir. Və ya Nadir şah Əfşarın ya Napoleonun döyüşlərində hücuma keçən süvari eskadronlarıyla yanaşı tank hissələrini də göstərmək…

Alimin, yazıçının, rejissorun əsərində rast gəlinən anaxronizm müəllifin zəiflik əlaməti sayılır. Ciddi mövzulara girişən tədqiqatçı bu sahənin diletantı olmamalı, belə səhvlərə yol verməməlidir.
Fazil Mustafanın paylaşımında belə qüsurlar çoxdur, təəssüf. Səfəvi xanədanı, tarix haqqında yazdığının çoxunu Cəmil Həsənli elmi əsaslarla cavablayıb və yalanlayıb. Amma tanınmış siyasətçi və deputatın paylaşımında orta çağa aid olmayan daha bir səhvinə diqqət çəkmək istəyirəm.

Deputat və partiya lideri F.Mustafa yazıb:

“Fin ziyalıları içində qəhrəman kimsə yox, ancaq ayrı-ayrılıqda davranışları ilə bataqlıqda ən zəngin ölkə qura bildilər”.

Fin ziyalıları, həqiqətən, Finlandiya bataqlıqları və meşələrində çox zəngin ölkə qura bildilər. Amma “Fin ziyalıları içində qəhrəman kimsə yox” fikrinin nə dərəcədə yanlış olduğunu bilmək üçün XIX-XX əsrlərdə ölkənin qəhrəman ziyalıları siyahısına ötəri nəzər salmaq yetər. Bu günün “Finlandiya möcüzəsi” fin ziyalılarının onillər boyu apardığı sistemli və məqsədyönlü iş, maarifçi, vətəndaş, intellektual fədakarlığı və qəhrəmanlığı hesabına başa gəlib. Yalnız üçünü sadalayım.

Filosof, publisist Yohan Vilhelm Snelman həyatını fin dilinin dövlət dili statusu almasına və fin milli valyutası – fin markasının dövriyyəyə buraxılmasına həsr edən gerçək bir qəhrəmandır. Məhz Snelman təbəəsi olduğu Rusiya imperatoru II Aleksandrdan marka işlətmək icazəsinin aldı və bununla da kiçik ölkəsinin maliyyəsini və iqtisadiyyatını xilas etdi. Başqa ziyalı qəhrəman – həkim və dilçi Elias Lönnrot bütün Kareliya kəndlərini piyada gəzərək ağız ədəbiyyatını topladı və finlərin milli kimliyini müəyyənləşdirən məşhur “Kalevala” eposunu ərsəyə gətirdi. Şair Yohan Lüdviq Runeberqin şeirləri isə finləri cəsarətə və mübarizəyə səsləyərək xalqın milli xarakterinin formalaşmasına böyük təsir göstərdi. Runeberqin yazdığı poema da sonradan Finlandiyanın dövlət himni oldu…

Bu böyük ziyalılar qəhrəman deyillərmi?

Bu sıraya Finlandiyanın böyük milli qəhrəmanı və xilaskarı, görkəmli sərkərdə və dövlət xadimi, Rusiya imperatoru II Nikolayın general-adyutantı, İkinci Dünya Müharibəsində Finlandiyanı xilas edən və adıyla adlanan müdafiə səddinin müəllifi, baron Karl Qustav Emil Mannerheymi də əlavə eləmək olar. General-leytenant Hüseyn xan Naxçıvanski ilə bir hərbi məktəbdə oxuyan və dost olan, Rus-Yapon Müharibəsində iştirak edən, Birinci Dünya Müharibəsində bir süvari korpusunda vuruşan, rus və İsveç dilləri ana dili olan, fin dilində isə zəif danışan Mannerheymin ziyalı olub-olmadığı mübahisələndirilə bilər, ona görə baronu ziyalı siyahısına salmıram.

Mannerheymi çıxmaqla, adları çəkilən fin ziyalıları qəhrəman deyillərmi? Bu misalı Fazil Mustafanın yanlış mühakimələrindən biri kimi göstərdim.

Zəruri qeyd: Bu yazını Fazil Mustafanın “Cəhalət dəllallığı” adlı yazısına cavab olaraq yazılıb.

Sözügedən yazını bu linkdən oxumaq olar.

https://www.facebook.com/fazil.mustafa.31/posts/pfbid027CUNTZLuqQVThxXEoJvYx25isNFNcWc3GY8RXMfW93e3aeqowb4PqJCDGcSb3fXnl

 

Gununsesi.info