Sosial şəbəkələrdə son saatlarda yayılan bir məlumat diqqət çəkib.
Bildirilir ki, sosial şəbəkələrdə “Çevik” adı ilə tanınan şəxsi döyüblər.
Əsl adı Məqsəd olan Çevik ateistdir.
Hadisənin həqiqətən baş verib-vermədiyi hələ tam aydın deyil. Amma real olma ehtimalı, daha əvvəllər də başqalarına qarşı bu cür hərəkətlərin olduğu məlumdur. Əgər yayılan məlumat doğrudursa, ortada çox ciddi bir məsələ var.
Məsələ təkcə bir insanın döyülməsi deyil.
Məsələ budur: biz fərqli düşünən bir insana münasibətdə hansı yolu seçirik?
Bəyənmədiyimiz fikri eşidəndə qarşı tərəflə danışacağıq, mübahisə edəcəyik, arqument gətirəcəyik, yoxsa əlimizi qaldıracağıq?
Çünki insanın fikri ilə razılaşmamaq başqa şeydir, həmin insana zor tətbiq etmək tamam başqa.
Çevik ateistdirsə, ateistdir. Onun dini inancı yoxdursa və ya dinə münasibəti bizimkindən fərqlidirsə, bu, onun döyülməsi üçün səbəb ola bilməz. Eyni söz dindar insan üçün də keçərlidir. Bir insanın hansı dinə inanması, ümumiyyətlə inanıb-inanmaması onun fiziki zorakılığa məruz qalmasını legitimləşdirmir.
Biz bir fikri yanlış hesab edə bilərik. Hətta o fikrə əsəbiləşə də bilərik. Amma fikir insan deyil ki, onu yumruqla susduraq.
Fikirlə mübarizənin bir yolu var: yenə fikir.
Əgər bir insan din haqqında danışırsa və siz onun dediklərini yanlış hesab edirsinizsə, cavab verin. Əgər ateizmi təbliğ edirsə və siz bununla razı deyilsinizsə, öz arqumentlərinizi ortaya qoyun. Əgər onun danışıq tərzini bəyənmirsinizsə, izləməyin. Sosial şəbəkədə bloklamaq da var, müzakirəyə qoşulmamaq da var. Amma döymək?
Döymək artıq müzakirənin bitdiyi, zorakılığın başladığı yerdir.
Ən təhlükəlisi isə odur ki, biz bəzən zorakılığa bəhanə tapmağa çalışırıq. “Özü də çox danışırdı”, “insanları qıcıqlandırırdı”, “dini təhqir edirdi”, “belə danışmaq olmazdı” və sair. Bunların heç biri bir insanın döyülməsinə haqq qazandırmır.
Əgər kimsə təhqir edibsə, bunun da hüquqi və sivil yolları var. Kimsə qanunu pozubsa, bunun cavabını qanun verməlidir. Amma küçədə, evdə, hansısa məkanda bir insanı döymək “ədalət” deyil.
Zorakılıq heç vaxt fikir azadlığının cavabı ola bilməz.
Əslində, azadlığın mahiyyəti də məhz burada üzə çıxır. Hamımız yalnız özümüzün xoşuna gələn fikirlərin səslənməsini istəyiriksə, bu, azadlıq deyil. Azadlıq həm də xoşumuza gəlməyən sözə dözə bilməkdir. Bizim üçün ağır, yanlış, hətta absurd görünən fikrin belə zorakılıqla deyil, sözlə qarşılanmasıdır.
Bu gün ateistin fikrinə görə bir insanı döyərlər, sabah dindarın fikrinə görə başqasını. Bu gün birinin siyasi mövqeyi bəhanə olar, sabah digərinin geyimi, danışığı, dünyagörüşü. Zorakılığa “amma onun fikri belə idi” bəhanəsi ilə qapı açsaq, sabah həmin qapının kimə bağlanacağını heç kim bilməyəcək.
Cəmiyyətin gücü insanların hamısının eyni düşünməsində deyil. Əksinə, fərqli düşünən insanların bir yerdə yaşaya bilməsindədir.
Mənim fikrim sənin fikrindən fərqlidir və bu, mənim sənə əl qaldırmaq haqqım demək deyil.
Sən mənim düşüncəmi bəyənmirsən və bu, mənim susmalı olduğum anlamına gəlmir.
Biz bir-birimizin fikirlərinə qarşı çıxa bilərik. Sərt danışa bilərik. Mübahisə edə bilərik. Bəzən bir-birimizi inandıra da bilmərik. Amma bütün bunların sonunda bir sərhəd var: insanın toxunulmazlığı.
O sərhədi keçəndə artıq söhbət dinindən, ateizmdən, siyasətdən və ya hər hansı başqa ideyadan getmir. Söhbət zorakılıqdan gedir.
Ona görə də “Çevik”lə bağlı yayılan məlumat doğrudursa, bu hadisəni pisləmək lazımdır. Onun hansı fikirdə olmasından asılı olmayaraq.
Çünki azadlıq yalnız öz fikrini demək deyil. Azadlıq həm də başqasının sənin xoşuna gəlməyən fikrini deməsinə dözə bilməkdir.
Və bəlkə də ən böyük mədəniyyət budur: qarşındakı insanı susdurmaq üçün yumruğuna yox, sözünə güvənmək.
Fikirə qarşı yumruq qaldırmaq asandır.
Cavab olaraq fikir söyləmək isə cəsarət tələb edir.
Elmar












