Yalnız yazıçılar üçün deyil: Bu poliklinikanın qapıları artıq hər kəsə açıqdır

Azərbaycan Yazıçılar Birliyinin Poliklinikası Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən biridir.

Gununsesi.info bildirir ki, poliklinika əsasən respublikanın ədəbi və yaradıcı mühitinin nümayəndələrinə tibbi xidmət göstərməklə yanaşı, səhiyyə sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq kənar əhali qruplarınada xidmət göstərir.

Tibb müəssisəsində Laboratoriya, Oftalmologiya, Ultrasəs Müayinəsi (USM), Terapiya, Pediatriya, Endokrinologiya, Stomatologiya, Ginekologiya, Fizioterapiya, Nevrologiya, Kardiologiya, Cərrahiyyə və digər ixtisaslaşmış tibbi kabinetlər fəaliyyət göstərir. Müasir tibbi xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb və pasiyentlərin keyfiyyətli tibbi yardım alması təmin edilir.

Poliklinikada ümumilikdə 55 əməkdaş çalışır. Onlardan 39 nəfəri tibbi, 16 nəfəri isə qeyri-tibbi personaldan ibarətdir. Peşəkar həkim və orta tibb işçiləri tərəfindən əhaliyə ambulator tibbi xidmətlər göstərilir.

Hazırda poliklinika 8 minə yaxın əhaliyə xidmət edir. Müəssisədə profilaktik müayinələrin aparılması, xəstəliklərin erkən aşkarlanması, diaqnostika və ambulator müalicənin təşkili istiqamətində işlər davamlı olaraq həyata keçirilir.

Gələcək illərdə poliklinikada göstərilən tibbi xidmətlərin daha da genişləndirilməsi nəzərdə tutulur. Bu istiqamətdə Qastroenterologiya kabinetinin fəaliyyətə başlaması planlaşdırılır ki, bu da pasiyentlərin ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığını daha da artıracaq.

 

 

Vüsal 

Gununsesi.info