İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib

  • Müəllif: admin
  • 03 Fevral 2026 12:13

İranın islahatçı prezidenti Məsud Pezeşkianın hökuməti son etirazlarda həlak olmuş 2 min 985 nəfərin adını və şəxsiyyət vəsiqəsinin nömrəsini dərc edib.

Gununsesi.info-nun xəbərinə görə, fevralın 2-də bu siyahının dərci qəzet köşklərini kədərli xatirə guşələrinə çevirib.

Bunun gerçək şəffaflıq, yoxsa daha böyük faciəni yumşaltmaq cəhd olması ətrafında müzakirələr yaranıb.

Siyahıda təxminən 3 min nəfərin adı var. Dövlətə yaxın qəzetlər adları birinci səhifələrində dərc edib, bunu hökumətin “cəsarətli” şəffaflığının sübutu kimi təqdim ediblər.

İnsan haqları təşkilatları, fəalların mövqeyincə, İslam Respublikası real itkilərin miqyasını ciddi azaltmağa çalışır.

Prezident administrasiyası rəsmi ölü sayını 3 min 117 nəfər göstərib. Bu rəqəmlə dərc olunmuş siyahı arasındakı fərq isə 131 meyitin kimliyinin müəyyən olunmaması ilə izah edilir.

“Genişmiqyaslı qırğının etirafı”

“Adların bu qədər çox olması dövlətin artıq gizlədə bilmədiyi genişmiqyaslı qırğının etirafıdır”. Bunu AzadlıqRadiosunun fars xidmətinə Osloda yerləşən İran İnsan Haqları (IHR) təşkilatının direktoru Mahmud Əmiri-Müqəddəm deyib.

“Onlar daha aşağı rəqəmlə ictimai rəyi razı sala bilməzdilər”, – o deyib.

“Bu, geniş qətliamın rəsmi etirafıdır. Hətta 3 min nəfər də olduqca böyük rəqəmdir, amma təcrübəmizə görə, gizlilik hələ də çox yüksək səviyyədə qalır”, – Əmiri-Müqəddəm əlavə edib.

Hüquq müdafiəçiləri bu cür uyğunsuzluqların əvvəlki illərdə də müşahidə olunduğunu bildirirlər. 2024-cü ildə IHR İranda narkotiklə bağlı 503 edamın olduğunu təsdiqləsə də, hökumət rəsmən cəmi 15 hadisəni tanıyıb.

 

Gununsesi.info