“Ötən gün İranın xarici işlər nazirinin müavini Azərbaycana rəsmi səfəri çərçivəsində etdiyi çıxışda, mümkün regional eskalasiya fonunda İran ətrafında yerləşən ölkələrə dolayı, lakin açıq təhlükə xarakterli mesajlar verib. Bu çıxış regional təhlükəsizlik kontekstində məsuliyyətli diplomatik xəbərdarlıqdan daha çox, mümkün qarşıdurmanın nəticələrinin qonşu dövlətlərə də sirayət edəcəyi mesajını ötürən siyasi təzyiq aləti kimi dəyərləndirilə bilər”.
Gununsesi.info bildirir ki, bunu politoloq Amid Əliyev deyib.

“Bu gün isə İsrailin xarici işlər naziri Gideon Saar beynəlxalq ictimaiyyətə müraciət edərək İranın mövcud siyasi rejiminin fəaliyyəti, xüsusilə də məhvedici silahların əldə edilməsi istiqamətində apardığı zənginləşdirmə proqramı ilə bağlı ciddi xəbərdarlıqlar səsləndirib. İsrail tərəfi məsələni regional çərçivədən çıxararaq qlobal təhlükəsizlik gündəminin tərkib hissəsi kimi təqdim edir və beynəlxalq aktorları kollektiv məsuliyyətə çağırır.
Beləliklə, iki fərqli çıxış iki fərqli strateji düşüncə tərzini ortaya qoyur: birinci yanaşma, daxildə alovlanan böhranın qığılcımlarının qonşu dövlətlərə də sıçrayacağına işarə etməklə regional qorxu balansı formalaşdırmağa çalışır.
İkinci yanaşma isə bu alovu qlobal təhlükə kimi təqdim edərək beynəlxalq ictimaiyyəti onun qarşısını almaq üçün səfərbər olmağa dəvət edir”.
Politoloq əlavə edib ki, bu ziddiyyətli ritorikalar Yaxın Şərqdə təhlükəsizlik diskursunun artıq təkcə regional deyil, qlobal miqyasda formalaşdığını göstərir:
“Bu isə onu deməyə əsas verir ki, İran ətrafında cərəyan edən proseslər yalnız qonşu dövlətlər üçün deyil, beynəlxalq sistemin ümumi sabitliyi baxımından da həlledici mərhələyə daxil olub”.
Günay










