“Bir neçə gün bundan əvvəl Xəzərin hüquqi statusu haqqında 2018-ci il Konvensiyasının İran parlamentində ratifikasiyası məsələsinin yenidən gündəmə gətirilməsi ilk baxışda texniki-hüquqi məsələ təsiri bağışlaya bilər. Əslində isə söhbət Xəzərdə regional güc balansına təsir göstərə biləcək kifayət qədər ciddi siyasi qərardan gedir”.
Gununsesi.info bildirir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Bu baxımdan İranın xarici işlər naziri Abbas Əraqçinin son açıqlaması xüsusilə diqqətçəkəndir: nazir bir tərəfdən konvensiyanın İranın milli maraqlarına uyğun olduğunu bildirir, digər tərəfdən isə vurğulayır ki, sənəddə İranın Xəzərdəki konkret payı müəyyənləşdirilmir və bu məsələ ikitərəfli, yaxud üçtərəfli danışıqlar yolu ilə həll olunmalıdır.
İlk növbədə onu qeyd edək ki, həqiqətən də Xəzər haqqında Konvensiyada təkcə İranın deyil, heç bir sahilyanı dövlətin Xəzərdəki konkret payı müəyyənləşmir. Konvensiya yalnız Xəzərin dibinin necə bölüşdürüləcəyinin hüquqi çərçivəsini yaradır. Konvensiyasının 8-ci maddəsinə əsasən Xəzərin dibi və yeraltı sərvətlərinin sektorlara bölünməsi qonşu və qarşı-qarşıya sahilləri olan dövlətlərin razılaşması ilə, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları nəzərə alınmaqla həyata keçirilir. Bu müddəa əslində mövcud praktikanı nəzərə alır. Belə ki, 2001-2003-cü illərdə əvvəlcə Azərbaycan və Qazaxstan, Azərbaycan və Rusiya ayrı-ayrılıqda ikitərəfli qaydada, sonra isə həmin dövlətlər birlikdə üçtərəfli qaydada öz aralarında Xəzərin dibinin sektorlara bölünməsi barədə razılaşma imzalayıblar.
Əraqçinin bu açıqlamasını İranın Konvensiyadan imtina etmədiyini, lakin Xəzərin dibinin delimitasiyası məsələsinə daha aktiv yanaşacağı barədə mesaj kimi qiymətləndirmək olar.
Açıqlamanın verildiyi zaman da maraqlı görünür. İran müasir geosiyasi şəraitdə Yaxın Şərqdə gərginlik, ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsi, Ukrayna dronlarının və ABŞ raketlərinin Xəzərdə görünməsi kontekstində artıq konvensiyadan kənarda qalmağın riskli olduğunu görür. Xəzər indi yalnız enerji ehtiyatları və balıqçılıq məsələsi deyil. Bu dəniz Rusiya ilə İran arasında nəqliyyat əlaqələrinin, Şimal–Cənub dəhlizinin, Mərkəzi Asiya ilə əlaqələrin və regional enerji marşrutlarının mühüm hissəsinə çevrilir. Belə şəraitdə İranın Xəzərin hüquqi rejimini müəyyən edən əsas sənəddən kənarda qalması artıq üstünlükdən daha çox çatışmazlığa çevrilə bilər. İran ratifikasiya ilə Xəzərin statusunun gələcək elementlərinin formalaşmasında təsirini, Xəzərin dibinin delimitasiya məsələsində ayrıca danışıqlar aparmaq imkanını saxlayır”.
O qeyd edib ki, bu məsələdə Rusiya amilini də nəzərə almaq lazımdır:
“Rusiya uzun müddətdir ki, Xəzərin hüquqi statusu məsələsinin yekunlaşdırılmasında maraqlıdır. Belə ki, Rusiya üçün Xəzər həm təhlükəsizlik, həm də geosiyasi nəzarət baxımından xüsusi əhəmiyyət daşıyır. Konvensiyanın əsas müddəalarından biri Xəzərdə hərbi fəaliyyətlə bağlı xüsusi rejim yaratmaq və sahilyanı olmayan dövlətlərin hərbi qüvvələrinin Xəzərdə iştirakını istisna etməkdir. Bu, Rusiyanın strateji maraqlarına tam uyğun gəlir. Çünki Rusiya Xəzəri özünün cənub təhlükəsizlik perimetrinin bir hissəsi kimi görür. İranın konvensiyanı ratifikasiya etməsi isə Rusiyanın arzuladığı hüquqi statusun tamamlanmasına kömək edəcək.
Bir neçə gün sonra Tehranda Xəzəryanı dövlətlərin sammitinin keçiriləcəyi gözlənilir. Rusiya hələ keçən ilin dekabrında İranın Konvensiyanı bu sammitə qədər ratifikasiya etməsinə ümid etdiyini açıqlamışdı. Bu amili də əhəmiyyətli hesab etmək olar: İranın ratifikasiyasının məhz indi – Tehranda Xəzəryanı ölkələrin sammiti ərəfəsində – gündəmə gətirilməsi sırf hüquqi deyil, həm də ciddi geosiyasi zamanlama təsiri bağışlayır. Lakin İran ratifikasiya məsələsinin Rusiyanın tələbi ilə gündəmə gətirdiyini etiraf etmək və Rusiyaya güzəşt kimi təqdim etmək istəmir; bu məsələnin sırf Tehranın milli maraqları ilə əsaslandırıldığı görüntüsünü yaratmaq istəyir”.
Şəbnəm










