İtaliya hakimiyyəti fələstinlilərə humanitar yardım adı ilə toplanan vəsaitlərin ABŞ və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınan HƏMAS-a yönləndirildiyi sxemi aşkarlayıb.
“Corriere Della Sera” nəşri yazır ki, 2001-ci ildən bəri bu kanallar vasitəsilə HƏMAS-a 7 milyon avrodan çox vəsait ötürülüb. Xüsusilə də 7 oktyabr 2023-cü il hadisələrindən – HƏMAS silahlılarının İsrailin cənubuna hücumu, minə yaxın insanın öldürülməsi və 250-dən çox şəxsin girov götürülərək Qəzza zolağına aparılmasından sonra maliyyələşdirmənin daha da intensivləşdiyi qeyd olunur.
İstintaq çərçivəsində Genuyada doqquz nəfər saxlanılıb. Onların arasında HƏMAS-ın xaricdə fəaliyyət göstərən qanadının iştirakçıları olduğu iddia edilən şəxslər də var.
İstintaq orqanlarının versiyasına görə, əsas fiqur İtaliyada təşkilatın yerli hücrəsinin rəhbəri sayılan Məhəmməd Xannunadır. O, saxlanılıb. Hakimiyyət orqanları bildiriblər ki, humanitar fəaliyyət pərdəsi altında terrorizmin sistemli maliyyələşdirilməsi həyata keçirilib və bu şəbəkə HƏMAS-ın beynəlxalq strateji layihəsinin bir hissəsi kimi nəzərdən keçirilib.
Müəyyən edilib ki, vəsaitlərin toplanması üç qeyri-hökumət təşkilatı vasitəsilə həyata keçirilib: 1994-cü ildə Genuyada yaradılmış “Fələstin xalqı ilə xeyriyyə həmrəyliyi assosiasiyası”, 2003-cü ildə təsis edilmiş oxşar könüllü təşkilat və Milanda qeydiyyata alınmış “La Cupola d’Oro” xeyriyyə assosiasiyası. İtaliya hakimiyyətinin məlumatına görə, bu üç qurumun hamısı faktiki olaraq Xannunanın nəzarəti altında olub və toplanan pulların 70 faizdən çoxu birbaşa HƏMAS-a və ya Qəzzada və digər bölgələrdə ona bağlı strukturlara, o cümlədən Qəzza administrasiyasında vəzifə tutan şəxslərə yönləndirilib.
İstintaq xarici tərəfdaşların, o cümlədən İsrailin iştirakı ilə aparılıb. İyunda ABŞ Maliyyə Nazirliyi beş fiziki şəxsə və beş xarici xeyriyyə təşkilatına sanksiya tətbiq edib. ABŞ rəsmilərinin açıqlamasına görə, həmin qurumlar humanitar yardım adı altında HƏMAS-ın hərbi qanadını sistemli şəkildə maliyyələşdiriblər. Sanksiyalar həmçinin Fələstinin Azadlığı Xalq Cəbhəsi ilə əlaqəli bir struktura və daha əvvəl də ABŞ-nin məhdudiyyətlərə məruz qoyduğu “La Cupola d’Oro”ya şamil olunub.












