İTV nazirin tənqid olunduğu canlı yayımı kəsdi

  • By admin
  • 21 Fevral 2023 20:59

Bu gün aktyor Ramiz Novruzun dəfn mərasimi olub.

Gununsesi.info bildirir ki, Ramiz Novruzun dəfn mərasimi İTV-də canlı yayımlanırdı.

Canlı efir zamanı aktyor Əli Nur Mədəniyyət Nazirliyini sərt tənqid edib. Deyib ki, xalq artistinə yaraşmayan dəfn keçirilir, ayıbdır.
Canlı yayım tez bir zamanda kəsilib və Youtube-dan silinib. Bir neçə dəqiqə sonra Əli Nurun tənqidi fikirləri qayçılandıqdan sonra yenidən Youtub-a yüklənib.

Əli Nurun canlı efirdə danışdığı, İTV-nin kəsdiyi fikirlər:

– Sovet dövründə adicə əməkdar artist rəhmət gedəndə, onu Akademik Milli Dram Teatrın səhnəsindən götürürdülər. Ən kiçik formada, Aktyorlar Evindən götürürdülər. Yəni dövlət aktyorun qədrini bilirdi, sənətin qədrini bilirdi, sənətə qiymətə verənləri qiymətləndirirdilər. Amma indi elə bil dünya heç bunların vecinə deyil. Arif Quliyev rəhmətə gedəndə, qalmışdı qapının ağzında, asfaltın üstündə. Mən nazirliyi qaldırdım ayağa, Mədəniyyət Şöbəsini qaldırdım, İcra Hakimiyyətini qaldırdım ayağa.

– Ayıbdır axı! Bu boyda sənətkar ölüb. Heç olmasa Həzi Aslanovun ruhundan utanın. Nə bir nazirlik nümayəndəsi var, nə bir dövlət adamı var, nə bir təşkilatçı var. Ramiz Novruz dınq eliyib, yersən çıxıb?! Ramiz Novruz xalq artistidir, prezidentin fəxri təqaüdçüsüdür. O, nə yollar keçib gəlib, 50 ildən artıq səhnədə can qoymuş adamdır, dövlətə xidmət eliyən adamdır, quru maaşa baxan adamdır. Bunun qədrini bilmək lazımdır.

– Nə vaxta qədər bu respublikanı caynağına alacaq məmurlar, qanını soracaq dövlətin?! Sənət adamına qiymət verin də! Aktyorun qitməti yox, sənətin qiyməti yox, noldu daha bu?

Gununsesi.info