Lavrovun maneələri, Putinin Qasım Süleymanini aldatması: İranlı nazirdən ifşaedici AÇIQLAMA

  • By admin
  • 27 Aprel 2021 12:22

İranın xarici işlər naziri Cavad Zərifin ictimaiyyət üçün nəzərdə tutulmayan səs yazısı mətbuata sızıb.

Gununsesi.info xəbər verir ki, Londonda yerləşən İran İnternational telekanalı nazirin jurnalist Səid Laylazla 7 saatlıq söhbətindən yayım üçün nəzərdə tutulmayan hissələri saytında yerləşdirib.

Cavad Zərif həmin səs yazılarında Rusiyanın ünvanına sərt ittihamlar səsləndirir. Belə ki, Zərif Moskvanın İranla “altılıq ölkələri” arasında nüvə razılaşmasını pozmağa çalışdığını deyir. Onun sözlərinə görə, ölkənin xarici siyasətində XİN-nin rolu “sıfır”a bərabərdir. Siyasi xətti İran İslam İnqilabı Korpusu və ölkənin ali dini lideri həyata keçirir.

“İslam İnqilabının Keşikçiləri Korpusunun xarici siyasətə müdaxilə etmələrinin bariz nümunəsi 2015-ci ilin iyulunda Vyanada nüvə proqramı ilə bağlı İranla “altılıq” ölkələri (ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin və Almaniya) arasında razılşamadan 10 gün sonra general Qasım Süleymaninin Moskvaya səfər etməsi ilə bağlıdır. Bu səfər XİN-nin xəbəri olmadan Moskvanın təşəbbüsü ilə həyata keçirilib. Deyirlər ki, Süleymani Putini Suriyadakı müharibəyə daxil olmağa razı salıb. Əslində, qərarı verən məhz Putin idi. Putin müharibəni başladaraq İranın quru və hava qüvvələrini də Suriyadakı əməliyyatlara sövq etdi. Həmin vaxta qədər bizim quru qoşunlarımız həmin ərazidə yox idi” -deyə Zərif söyləyib.

Zərif Moskvanın nüvə razılaşmasını hələ imzalanmazdan öncə pozmağa cəhd etdiyini xatırlayır. O xüsusən, müqavilənin imzalanmasına 1 həftə qalmış Rusiyanın bu sahədə addımlarını sürətləndirdiyini xatırlayır. Sergey Lavrovun Vyanada nüvə razılaşması əldə olunduqdan sonra 7 ölkənin XİN rəhbərlərinin birgə şəklində yer almamasını da məhz bu amillə əlaqələndirib.