Məhkəmə sədrinə sensasion ittihamlar - “QRU” TƏRƏFİNDƏN KURASİYA OLUNUB

  • By admin
  • 31 May 2021 08:46

Şərq-Qərb Araşdırmalar Mərkəzinin sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Tərtər Hərbi Məhkəməsinin sədri haqqında sensasion iddialarla çıxış edib.

Məlum “Tərtər işi”ndən bəhs edən Ərəstun Oruclu məhkəmə sədrini Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqədə günahlandırıb.

Gununsesi.info ekspertin sosial şəbəkə hesabına istinadən onun qeydlərini təqdim edir:

Fotoda gördüyünüz məxluq Tərtər Hərbi Məhkəməsinin sədri Quliyev İlqar Məsail oğlu adlı cinayətkardır. Bəli, cinayətkar, çünki Tərtər qətliamında şərlənib uzun müddətə həbsə atılmış hərbçilərimizin əksəriyyətinə həmin hökmlər və qətlə yetirilənlərlə bağlı saxta qərarlar bu yaramazın rəhbərliyi altında çıxarıb.

Məxluqun da kimliyi tərcümeyi-halında açıqca yazılıb.
1991-ci ildə Moskva Hərbi İnstitutunu bitirib. Xatırladım ki, SSRİ dönəmində də, bu gün də həmin hərbi təhsil müəssisəsi Silahlı Qüvvələrin Baş Qərargahı yanında Baş Kəşfiyyat İdarəsi (QRU) tərəfindən kurasiya olunub və olunur.

1991 – 1994 – Gəncə Qarnizonu Hərbi Prokurorluğunun müstəntiqi, Hərbi prokurorun köməkçisi, böyük köməkçisi
1994 – 2000 – Qazax Qarnizonu Hərbi Prokurorluğunun böyük köməkçisi
2000 – 2007 – Füzuli-Qubadlı Hərbi Məhkəməsinin hakimi
2007 – 2017 – Siyəzən Rayon Məhkəməsinin hakimi
2017 – Tərtər Hərbi Məhkəməsinin sədri

Onun Tərtər cinayəti ərəfəsində Tərtər Hərbi Məhkəməsinə sədr göndərilməsi heç də təsadüf sayılmamalıdır. Dəfələrlə qeyd etdiyim kimi, bu işin ən xırda detallarında belə heç bir təsadüf yoxdur, hər şey zərgər dəqiqliyilə hesablanıb, planlaşdırılıb və həyata keçirilib.

Müxtəlif mənbələrdən daxil olan məlumatlara görə İlqar Quliyev Tərtər qətliamında törədilmiş vəhşiliklər və işgəncələr altında alınmış ifadə və etirafları məhkəmə hökmləri vasitəsilə rəsmiləşdirmək müqabilində işgəncələrə rəhbərlik etmiş cinayətkarlardan 1 milyon manata yaxın rüşvət toplayıb.

Bundan sonra o, konvoy altında olan məhkum hərbçilərin arasına yeritdiyi özünü DTX əməkdaşı kimi təqdim etmiş qohumu vasitəsilə (cinayətkarın kimliyi bəllidir) hərbçiləri dilə tutaraq törətmədikləri cinayətləri etirafa sövq etdirib. Onları bunu edəcəkləri halda az müddətə cəza alacaqlarına inandıraraq bir neçə nəfərdən etiraf ala bilib.

Əvvəl də göstərmişdim ki, Ali Məhkəmənin sədri, cinayətkar Ramiz Rzayevin də, 2017 ci ilin iyulunda Ali Məhkəmənin Hərbi Kollegiyasına sədr təyin olunmuş Əziz Seyidovun da (Tərtər qətliamında işgəncələri həyata keçirən qurumlardan biri olan SAT-ın komandiri, cinayətkar Cəfər Seyidovun atası) “soyu-kökü” Hərbi Prokurorluqdan gəlir.

Bir daha deyirəm ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu adlanan qurum əsl xəyanətkar və casus yuvasıdır. Bu qurum ləğv olunmalı, onun bütün fəaliyyəti araşdırılmalı, ardınca da orada çalışmış və hal-hazırda çalışan hər kəs xüsusi xidmət orqanları tərəfindən ciddi şəkildə yoxlanılmalıdır.

Eyni zamanda, cinayətkar çətənin lazım olan məqamlarda istənilən dövlət və hakimiyyət orqanlarında lazım olan çətə üzvlərini kimlərin vasitəsilə və necə yerləşdirməsi də dərindən təhqiq olunmalıdır. Tərtər qətliamı fərdlərə və orduya deyil, bütövlükdə Azərbaycan dövlətinə və xalqına qarşı törədilmiş ağır tarixi cinayətdir.

Tərtər qətliamı təkcə ordumuza qarşı cinayət və ölkəmizə qarşı diversiya deyil, həm də xalqın qürurunu və ləyaqətini alçaltmağa yönəlmiş planlı və miqyaslı təxribatdır. Tərtər cinayəti azərbaycanlıları öz milli mənsubiyyətinə görə utanmağa və xalq kimi ölkəsindən didərgin salmağa yönəlmiş soyqırım aksiyasıdır.

Tərtər cinayətini ifşa etmək təkcə cinayətkarların cəzalandırılması üçün yox, Azərbaycanın cinayətkar casus dəstəsinin nəzarətindən çıxarılması baxımından həyati əhəmiyyət kəsb edir. Bu gün bunun məsuliyyəti hər birimizin üzərindədir, çünki bu işin nəticəsindən təkcə ölkənin deyil, həm də özümüzün, övladlarımızın və gələcək nəsillərin taleyi asılı olacaq.

Gununsesi.info-nun araşdırması zamanı İlqar Quliyevin Ali Məhkəmənin Hərbi kollegiyasının sədri Əziz Seyidovun bacanağı olduğu üzə çıxıb.

 

Gununsesi.info