Məşhur vəkildən İlham Əliyevə müraciət - ELÇİN QULİYEV VƏKİLLƏR KOLLEGİYASININ QANUNSUZLUQLARINDAN ŞİKAYƏTÇİDİR

  • By admin
  • 30 Sentyabr 2020 16:30

Tanınmış vəkil Elçin Sadıqov Vəkillər Kollegiyasının onun barəsindəki qanunsuz qərarı ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib.

Gununsesi.info vəkilin həmin müraciətini təqdim edir:

Hörmətli Prezident!
Ölkədə vəkillərin, vəkilliyin əsas vəzifəsi insan hüquq və azadlıqlarını müdafiə etmək olsa da, Vəkillər Kollegiyası Rəyasət Heyəti (VKRH) insan hüquq və azadlıqlarını müdafiə edən vəkilləri daim təqib edir. Bunun bariz nümunəsini öz üzərimdə daim görmüşəm.
Kollegiya adı dələduzluqda, müxtəlif qalmaqallarda adı hallanan vəkillərlə bağlı heç bir tədbir görmədiyi halda, insan hüquqlarını müdafiə edən vəkilləri vaxtaşırı təzyiqə məruz qoyur, onları cəzalandırır.
Bildiyiniz kimi, 2019-cu ilin əvvəlində VKRH bəyan etmişdi ki, bundan sonra dövlət orqanının şikayəti əsasında heç bir vəkili cəzalandırmayacaq. Çünki artıq onlar yeni bir üsul tapmışdılar: vətəndaşlardan “şikayətçi” düzəltmək.
Bu metodla vəkilləri təqib etmək, onları daim təsir altında saxlamaq istəyir, əksər hallarda buna nail də ola bilirlər.
Bir müddət öncə VK insan hüquqlarını müdafiə edən vəkil Şəhla Hümbətovanın barəsində Penitensiar Xidmətin şikayətini əsassız hesab etdi, lakin ardınca Şəhla Hümbətovanın keçmiş müştərisi ondan şikayətə təhrik edildi. Nəticədə 27 noyabr 2019-cu il tarixdə vəkil Hümbətova VK üzvlüyündən xaric edildi. Bundan sonra, Kollegiyanın rəsmi internet səhifəsində vəkili nüfuzdan salmaq məqsədilə məlumatlar yayılmağa başladı.
2019-cu ili oktyabrında “Siyasi Məhbuslarsız Azərbaycan Birliyi”nin koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev qəza keçirdi. Bakının mərkəzində o, avtomobillə vuruldu.
Mən 30 oktyabr 2019-cu il tarixdə özümün “facebook” səhifəmdə aşağıdakı məzmunda status yazdım. Məzmunu belə idi: “Oktay Gülalıyevin vurulması anına dəfələrlə baxdım və belə qənaətə gəldim ki, bu etiyasızlıq deyil, qəsddir! Allahdan Oktay bəyə şəfa diləyirəm. Ümid edirəm ki, bu dəfə səhiyyə sistemimiz özünü doğrultmağa çalışacaq”.
2019-ci ilin noyabrın 14-də AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov “facebook” statusumla bağlı VK-ə şikayət etdi. VK barəmdə dərhal intizam icraatı başladı. Bununla bağlı Baş Prokurorluğu məhkəməyə verdim və davamlı bunu işıqlandırmağa başladım.
15 yanvar 2020-ci il tarixdə VK-nin Rəyasət Heyətinin (VKRH) iclasına çağırıldım. Həmin iclasda baş prokurorun müavini Rüstəm Usubovun şikayəti əsasında başlanılan intizam icraatına xitam verildiyi bildirildi, lakin “yeni metod”la barəmdə yeni intizam icraatının başlanması elan edildi. Guya Gürcüstan vətəndaşı olan Janashia Leila adlı şəxs məndən VK-ə şikayət edib.
Janashia Leila mənim keçmiş müştərim olub. Miqrasiya ilə bağlı problemlə əlaqədar onun işini uğurla həll etmişəm. 15 iyul 2019-cu il tarixdə ölkədən deportasiya olunması barədə qərarı ləğv etdirmiş və həmin şəxsin həbsdən azad edilməsinə nail olmuşam.
Sonradan öyrəndim ki, VK Janashia Leiladan şikayətçi kimi dəfələrlə istifadə edib. Belə ki, 2019-cu ilin noyar ayında Namiq Ələkbərov adlı vəkildən də şikayət etmişdi və o, Namiqdən pul aldıqdan sonra intizam icraatına xitam verilib.
08 yanvar 2020-ci il tarixdə Janashia Leilaya ölkədə birillik yaşama icazəsi verilmiş, 09 yanvar 2020-ci il tarixdə yaşama icazəsi aldıqdan bir gün sonra Janashia Leila ərizəçidən şikayətə təhrik edilmişdi. Janashia Leilaya isə VK sədri yeni bir vəkil, yəni VKRH-nin üzvü Elçin Qəmbərovu vəkil təyin etmişdi. Bu şikayətin VK rəhbərliyi tərəfindən təşkil edilərək idarə olunması şübhə doğurmur.
Nəzərinizə çatdırım ki, 15 yanvar 2020-ci ildə barəmdə başladılan qanunsuz intizam icraatı ilə bağlı bütün sənədləri təqdim etmişəm. Gürcüstan vətəndaşı şikayətini eyni zamanda Mətbuat Şurasının “qara siyahı”sına salınmış “mozalan.az” internet portalında da dərc etdirmişdi. Ona görə də şərəf, ləyaqət və işgüzar nüfuzumun müdafiəsi iddiası ilə Səbail Rayon Məhkəməsinə müraciət etdim.
Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, iş №2(009)-1179/2020 saylı qətnaməsi ilə Gürcüstan vətəndaşının şikayətində göstərilənlərin həqiqətəuyğun olmadığı müəyyənləşdi. Barəmdə yayılmış məlumatların şərəf və ləyaqəti ləkələyən məlumatlar hesab edilməsi, eyni zamanda təkzib verilməsi qət edildi.
Həmçinin Yasamal Rayon Pprokurorluğuna müraciət edərək Gürcüstan vətəndaşının barəmdə yazdığı uydurma şikayətin araşdırılmasını, məni dindirməklə yekun qərar qəbul edilməsini xahiş etdim. Heç bir qanun pozuntusuna yol vermədiyim üşün Yasamal Rayon Prokurorluğunun 30 iyul 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd olundu.
VKRH məhkəmənin qətnaməsinə və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara hörmət qoymadı. Halbuki işin məhkəmədə olması belə həmin işə məhkəmədən kənar baxılmasını qadağan edirdi.
Bundan sonra Gürcüstan vətəndaşının müdafiəsinə Anar Bağırovun dostu və VKRH-nin üzvü Elçin Qəmbərov “qoşuldu”. O işə qoşulduqdan sonra barəmdə VKRH təyziq və təqibləri gücləndirildi.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 3-cü hissəsinə əsasən, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər.
Sifariş yerinə yetirən VKRH qanunlara belə məhəl qoymur.

14 may 2019-cu il tarixdə olmamış bir “pozuntuya” görə mənə bir il üç aydan sonra töhmət verir. İntizam icraatını 15 yanvar 2020-ci il tarixdə başlasa da , siyasi sifarişi 9 ay gözləyərək 9 aydan sonra gəlmiş sifariş əsasında qərar qəbul edir. Heç bir hüquqi əsas və mənim razılığım olmadan məni başqa vəkil bürosuna sürgün edir. Bununla da hüquqlarımı pozur. Cənab Prezident , qanunlara əməl və hörmət etməli olan qurumun qanunlara hörmətsizlik etməsini görmək olduqca ağrıdıcıdır. Ortada məhkəmə qərarı varkən, belə bir qərarın verilməsi isə sifarişdən və qərəzdən başqa bir şey deyil.

Bütün bunları nəzərə alaraq , xahiş edirəm ki, müstəqil vəkilliyimə edilən qəsdləri və VKRH-nin təqiblərinin qarşısını alınmasında mənə kömək edəsiniz.

Hörmətlə, vəkil Sadıqov Elçin

Gununsesi.info