Böyük Britaniyanın immiqrasiya naziri Robert Cenrik tutduğu vəzifədən istefa verib.
Gununsesi.info xəbər verir ki, Cenrik istefa məktubunu X sosial media platformasında paylaşıb
Böyük Britaniyanın baş naziri Rişi Sunak-a ünvanladığı məktubda Cenrik deyib: “Hökumətin immiqrasiya siyasətinin istiqaməti ilə bağlı bu qədər ciddi fikir ayrılıqlarım olduğu halda, mən mövqeyimi davam etdirə bilmərəm”.
Daha çox qeyri-qanuni immiqrantları deportasiya etmək və qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün yeni Ruanda Planı tələb edənlər arasında olduğunu qeyd edən Cenrik məktubunda bunları qeyd edib: “Yazılmamış konstitusiyamızın ən böyük üstünlüklərindən biri də suveren parlamentimizin qanunlar qəbul etmək üçün qeyri-məhdud səlahiyyətidir, bundan tam istifadə etməliyik. Hökumət bizim həyati vacib milli maraqlarımızı beynəlxalq hüququn çox mübahisəli şərhlərindən üstün tutmağa borcludur”.
Cenrik məktubunda Ruanda Planının nəticələrinin hökumət üçün ciddi olduğunu vurğulayaraq, qanun layihəsinin kifayət qədər təsirli hazırlanmadığına diqqət çəkib.
Bir müddətdir fikirlərini Sunakı məlumatlandırdığını qeyd edən Cenrik istefasına baxmayaraq hökumətə tam dəstəyini davam etdirəcəyini bildirib.
Baş nazirin 10 nömrəli ofisi Sunakın Cenrikin tənqidlərinə cavab verdiyi məktubu paylaşıb.
Cenrikin istefası ilə bağlı “Qorxuram ki, istefanın səbəbi anlaşılmazlıqdır” deyən Sunak, planın işə yarayacağını ifadə edərək, Albaniya ilə razılaşmanın müsbət nəticələrini dilə gətirib.
Sunak məktubunda qeyd edib ki, yeni qanun layihəsi Britaniya hökumətinin indiyə qədər immiqrasiya ilə bağlı qəbul etdiyindən bir addım irəlidir.
Qanun layihəsinin qanuna çevriləcəyi təqdirdə Ruandanın təhlükəsiz ölkə sayılacağını vurğulayan Sunak, Ruanda hökumətinin beynəlxalq hüququ aşan heç bir təklifi qəbul etməyəcəyini açıq şəkildə ifadə etdiyini də qeyd edib.
İlk dəfə 2022-ci ilin aprelində hazırlanan “Ruanda Planı” başda Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla müxalifətin, insan haqları təşkilatlarının və bir çox beynəlxalq təşkilatların reaksiyasına səbəb olub.
2022-ci ilin iyununda Ruandaya 7 nəfərin olduğu ilk uçuş Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarı ilə dayandırılıb. Bunun üzərinə Daxili İşlər Nazirliyi Ali Məhkəmədə yeni iddia qaldırdı və məhkəmə 19 dekabr 2022-ci ildə Ruandaya uçuşun qanuni olduğuna qərar verib.
Qərarı Apellyasiya Məhkəməsinə aparan hüquq müdafiəçilərinin müraciəti nəticəsində məhkəmə iyunun 29-da hökumətin ölkəyə qeyri-qanuni yollarla daxil olan qeyri-qanuni mühacirləri Ruandaya göndərmə planının qanuna uyğun olmadığına qərar verib.
Bunun üzərinə İngiltərə Ruanda ilə yeni immiqrasiya müqaviləsi imzaladı. Razılaşmanın genişləndirildiyi və səslənən narahatlıqların aradan qaldırıldığı açıqlanıb.
Yeni razılaşma ilə Ruandaya göndərilən immiqrantların həyatlarını və ya azadlıqlarını təhdid edəcək üçüncü ölkəyə göndərilməsinin qarşısı alınır.
Böyük Britaniyada hökumət, xüsusilə keçən il 44 mindən çox qeyri-qanuni immiqrant Manş boğazını keçdikdən sonra deportasiya üsulları ilə immiqrasiyanı dayandırmağı hədəfləyir.
Gununsesi.info