MTN-nin müflis etdiyi sahibkar hakimə: Yüzlərlə insanın həyatını qaraldanları müdafiə etməyi özünüzə necə sığışdırırsınız? - MÖVLAM ŞIXƏLİYEVİN MƏHKƏMƏSİNDƏ QALMAQAL

  • By admin
  • 26 Oktyabr 2021 21:25

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi və onunla birgə mühakimə olunan digər nazirlik rəsmilərinin məhkəməsində qalmaqal baş verib.

Gununsesi.info-nun xəbərinə görə, iş üzrə zərərçəkən kimi tanınan şəxslər prosesə sədrlik edən Elbəy Allahverdiyevi qeyri-obyektivlikdə günahlandırıb.

Buna səbəb kimi media nümayəndələrini prosesə girməyə qadağan etməsi olub.

Zərərçəkən Hüseyn Səfərov hakimə etiraz edərək, prosesə onun onun aparmamasını tələb edib:

“Siz nəyi gizlətməyə çalışırsız? Niyə jurnalistləri buraxmırsız? Niyə imkan vermək istəmirsiz ki, bunların insanların başına açdıqları oyunları ictimaiyyət bilsin? Deməli, onları qoruyursunuz…”  deyən Hüseyn Səfərov hakimə etirazını ifadə edib.

Hakim Allahverdiyevə verilən etiraz da təmin olunmayıb.

Zərərçəkənlərdən Hüseyn Səfərov narazılığını sərt şəkildə ifadə edib:

“Bu necə hakimlikdir? Yüzlərlə insanın həyatını qaraldanları müdafiə etməyi özünüzə necə sığışdırırsınız?”

Məhkəmə iclasında gərginlik yaranıb, hakim zərərçəkmiş Səfərovun məhkəmə zalından çıxarılmasına göstəriş verib.

Hakimin bu cür davranışı digər zərərçəkənləri hiddətləndirib. Onların hamısı etiraz olaraq, məhkəmə zalından çıxıblar:

“Onsuz da siz hakimlik eləmirsiz, Mövlam Şıxəliyevə vəkillik eləyirsiz. Özünüz məhkəmə adıyla onu müdafiə eləyin…”

Qalmaqala görə məhkəmə prosesi yarımçıq qalıb. Proses noyabrın 2-də davam edəcək.

Gununsesi.info