Bu barədə Gununsesi.info-ya Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, nəhəng tarixi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Kollegiya iclası başlamamışdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Vətənimizin ərazi bütövlüyü uğrunda yaralananlara şəfa diləyiblər.
Hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov, əvvəlcə dünyaşöhrətli siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin müdrik siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq yeni müstəvidə yüksək məharətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 23 ilə yaxın müddət ərzində ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan bəhs edib. Vurğulanıb ki, qazanılan uğurlara Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm töhfələr verir.
Hərbi prokuror bildirib ki, ötən il kimi, 2026-cı ilin birinci yarımili də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun uğurları ilə yadda qalıb. Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla, qanunun aliliyinin təmin olunmasına, o cümlədən Silahlı Qüvvələrdə hüquqazidd əməllərin qarşısının alınmasına yönəlib. Qeyd olunub ki, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam, obyektiv araşdırılması və tələb edilən səviyyədə prosessual rəhbərlik nəticəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99 faizi açılıb.
Bundan başqa diqqətə çatdırılıb ki, qanunçuluğun daha da möhkəmləndirilməsində Hərbi Prokurorluqla digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də böyük əhəmiyyəti olub. Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 0,9, qeyri-hərbi cinayətlər isə 4,9 faiz azalıb. O cümlədən 2025-ci ilin birinci yarımili ilə müqayisədə 2026-cı ilin birinci yarımilində qeydə alınmış hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 21,2, qulluğa səhlənkar yanaşma cinayətləri 9,1, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələbetmə cinayətləri 75, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 16,7, xuliqanlıq cinayətləri 71,4, rüşvətalma və rüşvətvermə cinayətləri isə 42,3 faiz azalıb.
Bildirilib ki, dövlətin, eləcə də fiziki və hüquqi şəxslərin mənimsənilmiş və ya israf edilmiş əmlakları ilə bağlı ziyanın ödətdirilməsi istiqamətində də əhəmiyyətli nailiyyətlər əldə edilib.
Müraciətlərə baxılması işinin səmərəliliyinin artırılması da qeyd olunaraq, Hərbi Prokurorluğun “962 Etimad xətti” əlaqə mərkəzinə 400-dən artıq müraciətin daxil olduğu bildirilib.
Sonra məruzə ətrafında çıxışlar olub. Çıxışçılar hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
İclasda qazanılmış uğurlarla yanaşı, bəzi nöqsanlara da yol verildiyi bildirilərək, onların təhlil olunmaqla aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi tələb edilib.
Dövlətimizin başçısının prokurorluğa olan yüksək qayğısını minnətdarlıqla vurğulayan Hərbi prokuror, Baş prokuror Kamran Əliyevin hərtərəfli dəstəyi ilə hərbi prokurorluq əməkdaşlarına göstərilən diqqətdən, onlara yaradılmış yüksək iş və məişət şəraitindən də bəhs edib.
Kollegiya iclasına yekun vuran Hərbi prokuror bildirib ki, Hərbi Prokurorluğun kollektivi milli maraqların, dövlətçilik prinsiplərinin və qanunçuluğun qorunması, Silahlı Qüvvələrdə hərbi intizamın daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıraraq, üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.












