Pandemiya bitir - Quru sərhədləri nə vaxt açılacaq?

  • By admin
  • 09 Mart 2022 11:10

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən martın 6-dan Azərbaycanda karantin rejimi yumşaldılıb.

Qərara uyğun olaraq, dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə və sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.

Ümumilikdə karantin qadağalarından yalnız maska, COVID-19 pasportu, bir də quru sərhədlərin açılması məsələləri qalıb.

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, pandemiya bitmək üzrə olsa da, tamamilə bitib demək olmaz:

“Çünki bu virus tez-tez mutasiya olunuraq modifikasiyasını dəyişir. Yeni bir dalğa gəlməyəcəksə, demək olar ki, bu virus artıq bitti. Ancaq hələlik qəti qərar vermək tezdir. Yəqin ki, aprel-may aylarında, artıq bu barədə Ümumumdünya Səhiyyə Təşkilatı(ÜST) öz qərarını açıqlayacaq. Mən düşünürəm ki, yaxın 1 ay ərzində biz həm maska, həm dezinfeksiya rejimini, həm də COVID-19 pasportu rejimini qorumalıyıq”.

Quru sərhədlərininin açılması ilə bağlı məsələyə deputat belə münasibət bildirib:

“Mən düşünürəm, yavaş-yavaş quru sərhədlərini də açmaq lazımdır. Çünki üzü yaya doğru gedir. Turizm sektoru artıq başlayır. Azərbaycan da bir çox ölkələr üçün  turistik baxımdan cəlbedici dövlətdir”.

“Digər tərəfdən də Rusiya-Ukrayna konflikti ilə bağlı hava yollarının fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulub. Bizim orada yaşayan vətəndaşlarımızın da gəlib-getməyini asanlaşdırmaq lazımdır. Ancaq bu bir tərəfli olmur. Gərək, hər iki tərəfin bu barədə mövqeyi üst-üstə düşsün. Yəni Rusiya-Azərbaycan, yaxud başqa ölkələrlə bu qarşılıqlı olaraq razılaşdırılsın. Yəqin ki, bununla bağlı dövlətin müvafiq qurumları məşğul olur. Mən hesab edirəm ki, sərhədlərin açılmasına yavaş-yavaş getməliyik” , – deyə M.Quliyev bildirib.

Gununsesi.info