Paşinyan Kremli Makrona dəyişir

  • By admin
  • 04 Oktyabr 2020 21:46

Ermənistanda daxili-siyasi vəziyyətin kəskinləşməsi və Qarabağ cəbhəsindəki uğursuzluqlar baş nazir Nikol Paşinyanı xarici partnyorlara üz tutmağa vadar edir. İran və Rusiyanı Türkiyə ilə üz-üzə qoymağa nail ola bilmyən Paşinyan, Qərbə üz tutub ki, bunlar arasında da Fransa prezidenti vacib rol oynayır. Paşinyanın sözügedən taktikası elə onun üçün ciddi fəsadlar törədir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın mk.ru saytı yazıb.

Rusiya Dağlıq Qarabağ məsələsində vasitəçi rolunu oynasa da, Paşinyan Moskvanı öz tərəfinə çəkməyə çalışır və bunun üçün KTMT üzvlüyü məsələsini əlində bayraq edir. Onun istifadə etdiyi üsullar münaqişəni beynəlmiləlləşdirmək və Qərbdən dəstək istəmək cəhdlərinə əsaslanır.

Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib ki, sentyabrın 27-dən bu yana Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti, BMT baş katibi və Rusiya prezidenti (iki dəfə) ilə telefon danışıqları aparıb. O, bunlar arasında ən perspektivli həmsöhbətinin Fransa lideri Emmanuel Makron olduğunu qeyd edib.

Makron son illərdə Aİ-dən əsas sülhməramlı rolunu öz üzərinə götürüb. O, Donbas məsələsinin tənzimlənməsi üzrə Minsk prosesində iştirak edir, Suriya, Liviya və Livan münaqişələrində iştirak edir və Navalnının zəhərlənməsi hadisəsi ətrafında Moskva ilə danışıqlar aparır.

Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə isə Parisə müraciətin məntiqi aydındır: Fransa yalnız ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri deyil, həm də öz ərazisində çoxsaylı erməni diasporuna malikdir. Bununla yanaşı Paşinyanın yanaşması ikili formada görünür. “Əl-Cəzirə”yə verdiyi müsahibədən sonra Paşinyan Kremlə üçüncü dəfə zəng etməyə də nail olub, onun sözləri isə həmişəki kimi hərəkətləri ilə üst-üstə düşməyib: Parisə ümid edib, Moskva ilə dialoqu qaydasına salmaq istəyir.

Paşinyanın məqsədi Kremli “qorxutmaq” və heç olmasa ATƏT-in Minsk Qrupu çərçivəsində hər hansı bir addım atmasına nail olmaqdır.

İrəvanın əsl problemi isə bundadır ki, Moskva üçün bu cür davranışlar sürpriz xarakteri daşımır. Çünki Paşinyan hakimiyyətə gəldiyi gündən ətrafına “qərbyönlü”, Rusiya əleyhdarı şəxsləri toplayır. Belə ki, “Transparency International” təşkilatının seçki proqramının eks-koordinatoru Armen Qriqoryan dərhal Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin olunub. Dövlət Nəzarət Xidmətinin rəhbəri isə “İrs” Partiyasının keçmiş nümayəndəsi David Sanasaryan olub. Bu partiyanın rəhbəri Raffi Ovanisyan isə Rusiya Federasiyanın səfirliyinə yumurta atan şəxslərdən biridir.

Məhz Paşinyanın dövründə “Cənubi Qafqaz Dəmir Yolları”na qarşı iki cinayət işi başladılıb. Bu şirkət “Rusiya Dəmir Yolları” şirkətinin törəmə müəssisəsidir. İrəvan qaz qiymətlərində endirimlər tələb edir, Ermənistan hakimiyyəti isə Gümrüdəki Rusiyanın hərbi iştirakına qarşı mitinqlər də daxil olmaqla anti-Rusiya etirazlarında yönəlir.

İrəvanın yönəldiyi KTMT xətti üzrə də Moskva ilə həmfikir deyil. Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn Paşinyan KTMT Baş katibi Yuri Xaçaturovun həbsi təşəbbüsü ilə çıxış edib və bununla da yeni baş katibin təyin olunması prosesini tormozlayıb, Minsk və Moskvanın təklif etdiyi namizəd Stanislav Zasın əleyhinə çıxış edib.

Bütün bunları nəzərə alsaq, İrəvan Moskvanın əsl tərəfdaşı olmayacaq, bu isə o deməkdir ki, Rusiya öz neytrallığını qoruyub saxlayacaq.

Paşinyan həmçinin Aİ və ABŞ-a da ümid bəsləyə bilmir. Çünki Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə müdaxilədə ittiham etdiyi Türkiyə NATO üzvüdür və Qərb onunla əlavə münaqişəyə girməyəcək. Avropa və ABŞ üçün Qarabağ münaqişəsi periferik xarakter daşıyır. Lakin İrəvan Kremlin neytrallığını qoruyacağı halda, Qərb təsirini artırmağa hazır olmasını nümayiş etdirmək cəhdlərini davam etdirir. “Çoxvektorluluq” siyasəti isə çətin ki, Rusiyada qəbul ediləcək və çox güman, sadəcə Paşinyana etimad göstərməyin yersiz olduğunu ortaya qoyacaq.

Gununsesi.info