“Ermənistanda keçirilən seçkilərin ən diqqətçəkən tərəfi erməni cəmiyyətinin növbəti dəfə revanşist qüvvələrə tam etimad göstərməməsi oldu”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Ermənistan seçicisi yenidən müharibə ritorikasını deyil, sülh və sabitlik vədlərini üstün tutdu. Ancaq burada vacib bir məqam var: Paşinyana verilən səs onun siyasətinə sonsuz etimad deyil, alternativlərin zəifliyinin nəticəsidir.
Çünki Ermənistan cəmiyyəti yaxşı anlayır ki, ölkə iqtisadi, siyasi və təhlükəsizlik baxımından dərin böhran içərisindədir. Regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda İrəvanın əvvəlki siyasətlə davam etməsi mümkün deyil. Məhz buna görə seçici Paşinyanı seçdi. Lakin bu, ona ağ vərəq vermək anlamına gəlmir.
Paşinyanın qarşısında duran əsas məsələ hökumət qurmaq deyil. O bunu artıq edib. Əsas məsələ Azərbaycanla yekun sülh sazişinə nail olmaqdır.
Burada isə Ermənistan hakimiyyətinin indiyədək yerinə yetirmədiyi öhdəliklər ortaya çıxır.
Bu günə qədər Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. İrəvan müxtəlif bəyanatlar versə də, hüquqi müstəvidə heç bir ciddi dəyişiklik etməyib. Konstitusiya islahatı ilə bağlı konkret mexanizm və ya tarix yoxdur.
Eyni vəziyyət Zəngəzur istiqamətində kommunikasiya xətlərinin açılması məsələsində də müşahidə olunur. İllərdir bu mövzu gündəmdə olsa da, ortada nə yekun razılaşdırılmış layihə, nə hüquqi mexanizm, nə də icra planı var. Yəni Ermənistanın sülh gündəliyi daha çox bəyanatlar üzərində qurulub, praktik addımlar isə son dərəcə məhduddur”.
O əlavə edib ki, məhz buna görə Paşinyanın sülhə nə qədər sadiq olduğunu seçkilərdəki qələbəsi deyil, seçkilərdən sonrakı addımları göstərəcək:
“Digər tərəfdən, seçkilərin nəticələri Moskva üçün də müəyyən imkanlar yaradıb. Kremlin əsas məqsədi regionda təsir imkanlarını qorumaqdır. Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin imzalanması isə Rusiyanın Cənubi Qafqazdakı ən mühüm təsir alətlərindən birinin zəifləməsi deməkdir.
Bu səbəbdən Moskva seçkidə qalib gəlməsə də, tam da məğlub olmayıb. Əksinə, parlamentdə təmsil olunan müxalif qüvvələr vasitəsilə sülh prosesinə təsir göstərmək imkanlarını saxlayıb. Xüsusilə Robert Köçəryan və Samvel Karapetyan ətrafında formalaşan siyasi düşərgələr gələcəkdə Paşinyanın hər addımını daxildən təzyiq altında saxlamağa çalışacaqlar.
Seçkilərin ən vacib nəticələrindən biri də budur ki, Paşinyan artıq əvvəlki kimi siyasi monopoliyaya malik deyil. O, hökuməti formalaşdıra bilər, lakin Ermənistanın gələcəyini müəyyən edəcək strateji qərarları qəbul etmək üçün ciddi müqavimətlə üzləşəcək.
Əgər Paşinyan Konstitusiyanın dəyişdirilməsi, Azərbaycanla sülh sazişinin imzalanması və regional kommunikasiyaların açılması istiqamətində real addımlar atarsa, həm parlamentdə, həm küçədə, həm də xarici təsir mərkəzləri tərəfindən ciddi təzyiqlərlə üzləşəcək.
Əgər bu addımları atmazsa, onda Ermənistan yenidən geosiyasi qeyri-müəyyənlik, iqtisadi durğunluq və təhlükəsizlik riskləri içərisində qalacaq.
Başqa sözlə, Paşinyan seçkini qazanıb, amma əsas döyüşü hələ başlamayıb.
Bu gün Ermənistan parlamentində rəqəmlər sadəcə mandat bölgüsü deyil, həm də geosiyasi qüvvələr nisbətidir.
Bu seçkinin əsas nəticəsi hakimiyyət dəyişikliyi deyil. Əsas nəticə ondan ibarətdir ki, Ermənistan cəmiyyəti Paşinyana sonuncu böyük siyasi şansı verib. Bu şansın məqsədi hakimiyyəti qorumaq deyil, ölkəni regional təcriddən çıxarmaq, Azərbaycanla münasibətləri normallaşdırmaq və yeni geosiyasi reallığa uyğunlaşdırmaqdır.
Əgər Paşinyan bu mandatdan istifadə edə bilməsə, növbəti seçkilərdə onun qarşısında təkcə Köçəryan və ya digər müxalif qüvvələr deyil, nəticə görmək istəyən və artıq gözləməkdən yorulan Ermənistan cəmiyyəti dayanacaq. Bu baxımdan 2026-cı il seçkiləri Paşinyanın qələbəsi kimi yox, onun siyasi taleyini müəyyən edəcək son mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Amma onu da unutmaq lazım deyil ki, Paşinyan verdiyi vədin üzərində duracaq, ya yox? Moskva ilə hər hansı bir anlaşma içərisindədirmi? Pərdəarxası hər hansı bir oyunu varmı? Bunu zaman göstərəcək. Çünki Ermənistan bu gün rusiyadan iqtisadi, təhlükəsizlik baxımdan hələ də Rusiyadan çox asılı vəziyyətdədir. Ermənistan sərhədlərini rus sərhədçiləri qoruyur, ölkədə rus hərbi bazası mövcuddur. Enerji sektoru, dəmiryolu və digər strateji iqtisadi sektor Moskvanın nəzarətindədir.
Təbii ki, Bakı və Ankara üçün bu seçki bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaranması baxımdan mühüm əhəmiyyət kəsb edir. Bakı və Ankara bölgədə dayanqılı sülh və əməkdaşılıq üçün ilkin real addımlar atsa da, ehtiyatı əldən vermir. Çünki hələ də İrəvanın verdiyi bəyanatları yekun sülh üçün yetərli saymır. Yekun sülüh üçünsə şərtlər bəllidir. İndi top irəvanın meydanındadır. Bakı cavab reaksiyanı gözləyəcək. İrəvan sülhdə maraqlıdırsa, o zaman real addımlar atmalıdır.
Bakı isə istənilən varianta hazırdır”.
Afət












