Qadın ictimai həyatda iştirak etməlidirmi?

  • By admin
  • 30 İyul 2020 09:00

Dinimizin nəzərinə görə qadının ən mühüm vəzifəsi – ərinə yaxşı və itaətkar həyat yoldaşı olmaq, ailəsinə xidmət etmək və saleh övladlar yetişdirməkdir. Bu vəzifə – çox məsuliyyətli bir vəzifədir və qadın bu vəzifəni yerinə yetirmək üçün kifayət qədər məlumata malik olmalıdır. Yəni, tərbiyə və əxlaq mövzularında kifayət qədər məlumata malik olmalıdır.

Məhz anadır ki, cəmiyyətə sağlam və saleh övladlar verər və onları düzgün tərbiyə edər. Ailə  – insan üçün ilk ocaqdır ki, orada şəxsiyyəti formalaşar və sağlam ruhiyyəli bir insan kimi böyüyər. Bu səbəbdən də heç bir əməl övlad tərbiyəsindən və ailə ocağını isti saxlamaqdan mühüm ola bilməz.

Əgər qadın cəmiyyətdə iştirak etmək istəyirsə, gərək əri ilə həmkarlıq etsin. Əgər düzgün metodologiyaya malik olsa, o zaman cəmiyyətin elmi, mədəni və ictimai sahələrində fəaliyyət göstərə biləcəkdir. Lakin qadının bu fəaliyyəti ailə mövzularına ziyan vurmamalıdır. Övlad tərbiyəsinə ziyan vurmamalıdır. Ailə bağlarının zəifləməsinə səbəb olmamalıdır.

Həmçinin qadının işlədiyi yer elə olmalıdır ki, qadın hicabını, iffətini qoruya bilsin və naməhrəmlə uzaq rabitədə olsun. Əgər bu şərtlərə əməl edə bilməyəcəksə, o zaman onun işləməsi əxlaqi cəhətdən bəyənilməyən bir əmələ çevrilər.

Qadın əgər evdən kənarda iş görürsə, gərək elə iş görsün ki, onun bütün enerjisini almasın və evə gələn zaman artıq enerjisi bitmiş olmasın. Nəticədə evə aid olan işləri görə bilməsin. Bu hal övlad tərbiyəsinə də zərbə vurar.

Ona görə də deyə bilərik ki, əgər qadının evdən xaricdə iş görməsi ailə ocağının soyumasına və ailə bağlarının zəifləməsinə səbəb olmazsa, övlad tərbiyəsinə zərbə vurmazsa, qadın öz hicab və iffətini qoruya bilərsə – o zaman bu əməlin heç bir maneəsi olmaz, əksinə ailə rifahının yüksəlməsinə öz töhfəsini vermiş olar.

Gununsesi.info