Qüdrət Həsənquliyev: “Putin bu fürsəti siyasi dividentə çevirə bilər”

ABŞ-nin prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən açıqlama verib.

O, Rusiya prezidenti Vladimir Putinə 10 gün vaxt tanıyaraq müharibəni dayandırmağa və sülh danışıqlarına başlamağa çağırıb.

Trampın bu təklifi beynəlxalq aləmdə maraqla qarşılanıb və müxtəlif müzakirələrə səbəb olub.

Görəsən Trampın bu təklifi sülhə yol aça bilərmi?

Mövzu ilə Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin fikrincə, əgər Putin Trampın ABŞ-də impiçment riski ilə üzləşdiyini dəqiq bilsə, bu vəziyyətdən öz xeyrinə istifadə etmək üçün addım ata bilər:

“Çünki artıq onun əsas hədəflərindən biri – Krıma quru dəhlizin açılması reallaşıb. Mümkündür ki, Putin Tramp vasitəsilə həm Rusiyanın iqtisadi durumunu yaxşılaşdırmaq, həm də tətbiq olunan sanksiyaların yumşaldılmasına nail olmaq niyyətindədir.

Eyni zamanda, Trampın Nobel Sülh Mükafatı alması kimi bir siyasi dividendi də gündəmdə ola bilər. Bu baxımdan, Kreml atəşkəsə razılıq verə bilər, lakin bunu ucuz başa vermək istəmir.

Putin üçün sülh yalnız hərbi deyil, həm də siyasi alver vasitəsidir. Hazırkı mərhələdə o, Qərbə təsir imkanlarını genişləndirmək və daxildəki mövqeyini möhkəmləndirmək istəyir.

Moskva üçün ən önəmlisi bu razılaşmanın dünya ictimaiyyəti qarşısında Rusiya üçün qalib obrazı yaratmasıdır”.

Şəbnəm 

Gununsesi.info