“Rəqəmlərdən din yaradanlar, sözüm sizədir”

  • By admin
  • 04 Yanvar 2021 15:20

Əksəriyyət namaz qılmadan özünü müsəlman sayır. Beş nəfər tanışım fərqli ibadət edir və hər biri düşünür ki, düzgün variant onunkudur. Yəni cənnətə məhz o düşəcək… Deyəcəksən, beşindən biri elə oralıqdır? Vay o günə ki, altıncı peyda ola… Yəqin o da öz “əsl muzulman”lığını iddia edəcək.

“Oğurlama!”, “Öldürmə!” və bu kimi müdrik qadağanları pozan xaçpərəst elə bilir ki, iman balasıdır.

Bu gün “müsəlman” da, “xaçpərəst” də induistlərtək “keçmiş həyat”, “sonrakı həyat” barədə ağızdolusu danışır. Çox ciddi tərzdə, inancla.

Bəs “2020” niyə şeytan balası hesab olunur?! Axı o, sadəcə, rəqəmdir. Nə vaxtdan rəqəmlər “ilahi”lərə və “əclafi”lərə bölünür?!

Deyirlər, 2019-cu il «mələk»dir, 2020 – murdar. Niyə, əgər  onu “murdarlayan” virus məhz “COVID–19”-dursa?

Suallar, təhlil… Ha! Məgər kor-koranə inanmaq istəyəni fikrindən daşındırmaq mümkündürmü?!

DÜŞÜN!

Əgər il 365 (366) gün olmasaydı, pozulmuş həyatımız 2020-yə təsadüf edərdimi?

Əgər 2020-ci il yanvarın deyil, dekabrın 1-də başlansaydı, sən ondan indiki qədər narazı olardınmı?

Hazırkı təqvimlə yox, başqası ilə yaşasaydıq, 2020-də ölərdikmi?

Deyirsən, 2021 əntiqə keçəcək. Sənə inanardım, …əgər bir il əvvəl desəydin ki, 2020 məhz keçdiyi kimi olacaq. Deməmisən. Elə isə get 2020-nin dalınca!

Rəqəmləri nə ilahiləşdir, nə də aşağıla! Edirsənsə, bu, tanınmış “molla” Azər İslamoğlu demişkən, elmsizliyindəndir.

Rəqəmlərə fərqli, xüsusi münasibətlə yanaşma, onlardan din yaratma! Onsuz da dinlər insanları, hətta millətləri daxildən parçalayır.

Rəqəmləri Xeyir və Şər düşərgələrinə ayırma!

Bu gün Xeyir və Şərin sərhədi maska taxanlarla taxmayanların arasından keçir.

Bu gün Xeyir və Şərin sərhədi maskanı ağız-burnuna taxanlarla çənə-boğazında gəzdirənlərin arasından keçir.

Bu gün Xeyir və Şərin sərhədi tibbi yardıma ehtiyacı olanlarla labüd yardımı pulla təqdim edənlərin arasından keçir.

Bu gün Xeyir və Şərin sərhədi sərt karantin rejimli bölgələrə gediş-gəlişi özünün şəxsi marağına uyğun tənzimləyənlərlə həmin bölgələrdə yoluxma təhlükəsi altına qoyulanların arasından keçir.

Şərin əsgəri olma! Onsuz da bu gün heç kəs sabaha, o biri ilə çıxıb-çıxmayacağına əmin deyil…(KONKRET.az)

 

Gununsesi.info