Rusiyada Türkiyə xofu davam edir: “Bundan da pis olacaq, hazırlaşmaq lazımdır”

  • By admin
  • 02 Yanvar 2021 16:51

Yaxın Şərqdə, Afrikada və Qafqazda Türkiyə qarşısında zəifliyi ortaya çıxan Rusiyada “imic terapiyası” davam edir.

Tarixdə həmişə Osmanlı imperiyası ilə qarşıdurmalardan uduşla çıxan Rusiya son illər ərzində yer alan bütün “proksi” toqquşmalarda Türkiyə qarşısında yenilgi alıb.

Gununsesi.org xəbər verir ki, Rusiyada cəmiyyətin ictimai fəal kəsimi baş verənləri həzm edə bilmir. Onların fikrincə, 2021-ci ildə də Türkiyə Rusiyanın mövqelərinə girməkdə davam edəcək.

Getdikcə analitiklər arasında belə fikir formalaşır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə, “davakar” bir lider deyil, həm də güclü diplomatiyasına arxalanır. Son illər apardıqları müşahidələrdən belə nəticəyə gəlirlər ki, Türkiyə Rusiyanın üzərinə yeriyir – əvvəlcə 2 addım irəliyə gedir, sonra danışıqlar nəticəsində güzəştə gedərək bir addım geri çəkilir, Rusiya öz “qələbə”sini bayram edib qurtarmamış yenidən 2 addım irəliyə gedir, sonra yenə danışıqlar və güzəşt… Və bu qaydada özünə yeni mövqelər qazanır. Türkiyənin Azərbaycana dəstəyi nəticəsində Rusiyanın aldığı növbəti “proksi” məğlubiyyət daha ciddi narahatlıqlara səbəb olub. Yaxın Şərq və Afrifa Rusiya sərhədlərindən uzaqda olsa da, Azərbaycan tam başqa məsələdir.

Bu dəfə Rusiyanın REN TV kanalının tanınmış aparıcısı, publisist Anatoli Vasserman öz ölkəsini xəbərdar etməyə çalışıb. Onun fikrincə, Moskva 2021-ci ildəTürkiyənin ucbatından daha çətin problemlərlə üzləşə bilər. Onların sırasında Ukrayna da yer alır. Vassrmanın proqnozuna görə, vəziyyət daha da pis olacaq – Rusiya 2020-ci ildə baş verənlərdən də pis variantlara hazırlaşmalıdır.

Qafqazda özünə mövqe qazanandan sonra Türkiyənin Orta Asiya və Şərqi Avropaya girmək istədiyi vurğulanır. Ankaranın Şərqi Avropaya giriş qapısı isə Ukrayna olacaq. Orta Asiya planlarına gəlincə, Rusiyada hesab edirlər ki, Ərdoğan “tək millət, iki dövlət” (Türkiyə, Azərbaycan) planını “tək millət, beş dövlət” (Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan) planına keçib.

Vasseman hesab edir ki, Rusiya ABŞ və Türkiyənin addımlarını diqqətlə izləməli və bütün ssenarilərə hazır olmalıdır. Publisist bir qədər də uzağa gedərək Türkiyənin 2021-ci ildə yeni dünya savaşı çıxaracağını proqnoz edib. O, hesab edir ki, hazırda Türkiyədə məhz bu ssenari “qaynadılır”.

Onun yanaşmasına görə, ABŞ və Türkiyə Rusiyanı yorub əldən salmaq üçün birgə fəaliyyət göstərəcəklər. Bunun üçün Rusiyanın sərhədləri boyunca yerləşən münaqişə ocaqlarından istifadə edəcəklər. Hazırda Türkiyənin Ukraynaya dəstəyinin də məhz bu məqsədlə edildiyi irəli sürülür. Vassermanın fikrincə, 2021-ci ildə Ukrayna ABŞ və Türkiyənin dəstəyi ilə öz ərazisindəki münaqişə ocaqlarını söndürmək üçün hərəkətə keçəcək.

Xatırladaq ki, Türkiyə artıq Krımla bağlı Rusiyanı narazı salan açıqlamalarla çıxış edib. Ankara heç vaxt Krımın Rusiya tərəfindən ilhaq edilməsini qəbul etməyəcəyini bildirməklə yanaşı, Krım tatarlarının hüquqlarının da pozulduğunu dilə gətirib. Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bir müddət əvvəl Ukraynada Krım tatarlarının nümayəndələri ilə görüşmüşdü.

Rusiya prezidenti Vladimir Putin “Türkiyənin Krım tatarları ilə bağlı açıqlamalarının onları maraqlandırmadığını” desə də, reallıqda Krımda Türkiyənin nüfuz sahibi olması Rusiyada aşkar təhlükə hesab edilir. Krımda əhalinin əsas hissəsini türkdilli tatarlar təşkil edir və onların arasında Türkiyəyə rəğbət böyükdür.

Rusiyada bəzi analitiklər “ara qarışdırmaq” məqsədilə Türkiyənin Krıma iddia etdiyini bildirsələr də, Ukrayna belə təxribatçı açıqlamalara əhəmiyyət vermir. Ankara dəfələrlə bildirib ki, Krım Ukrayna ərazisidir və sona qədər də Türkiyə bu əraziləri belə tanıyacaq.

Gununsesi.org