Səfər Mehdiyevin həbsinə hazırlıq gedir

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin vəzifədən azad edilməsiylə bağlı xəbər gözlənilməz olmadı. DGK-nın Əməliyyat-istintaq Baş İdarəsinin rəisi, general-mayor Məsum Rəsulovun saxlanılaraq istintaqa cəlb edilməsindən sonra bu qurumun ətrafında yaranan ajiotaj daha da böyümüşdü. General Rəsulova qarşı irəli sürülən ağır ittihamın ardınca DGK-nın daha bir neçə vəzifəli şəxsinin saxlanılması Səfər Mehdiyevin başının üzərində qara buludların dolaşdığına şübhə yeri qoymadı. 

Gununsesi.info bildirir ki, DGK Azərbaycanda vətəndaşların ən çox narazı qaldığı dövlət qurumlarının başında gəlir. Gömrükdəki qanunsuz ödənişlər, xüsusilə iş adamlarına münasibətdə tətbiq ediən özbaşınalıqlar Səfər Mehdiyev və komandasıyla bağlı sərt tədbirlərin görülməsini qaçılmaz etmişdi. Qısa müddət ərzində DGK-nın 2 generalının həbs edilməsi artıq bu prosesə start verildiyini göstərir.

Əldə etdiyimiz məlumata görə, Səfər Mehdiyev vəzifədən getməklə canını qurtara bilməyəcək. Hazırda hakimiyyətin yuxarı eşelonlarında onun həbsiylə bağlı ciddi müzakirələrin aparıldığı bildirilir. Məlumatlı şəxsin dediyinə görə, hüquq-mühafizə orqanları bu həbsin ən qısa müddətdə reallaşması üçün artıq hazırlıqlara başlayıb

Gununsesi.info