SMS icazənin ləğvindən sonra Bakı - VİDEO

  • By admin
  • 05 Avqust 2020 14:24

Bu gün saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunub. Yəni vətəndaşlar istədikləri ünvana rahatlıqla gedib-gələ bilərlər.

“28 May” metrostansiyasının qarşısında əvvəlki günlərlə müqaisədə, daha çox insanın hərəkəti müşahidə olunur. İcazə sisteminin ləğv olunmasından məmnun olan vətəndaşlar yumşalmanın davamını səbirsizliklə gözləyirlər.

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin 5 avqust tarixindən icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb.

Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi “icaze.e-gov.az” portalında “İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir.

Əgər əməkdaşın indiyədək sistemdə icazəsi olubsa bu zaman “İcazələr” bölməsinə daxil olaraq “Aktivləşdir” düyməsinə klik etmək, sistemə indiyədək daxil edilməyən əməkdaş üçün isə “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır”.

Gununsesi.info xəbər verir ki, bunu “ASAN Xidmət”in sözçüsü Elnur Niftəliyev Baku TV-yə açıqlamasında qeyd edib.

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq. Bu müddətdə isə həmin şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək.

Gununsesi.info