Bəzən insanın həyatını dəyişən böyük hadisələr deyil, bir cümlə, bir görüş və ya bir kitab olur. Məhz belə anlar insanın taleyində yeni bir yol aça bilir. Bu kitabı yazmaqda məqsədim təkcə bir hekayə danışmaq deyil, insanın daxilində baş verən səssiz mübarizəni, itirilmiş ümidləri və yenidən ayağa qalxmaq gücünü sözlərə çevirmək idi.
Gununsesi.info xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Sloveniya Respublikasındakı diaspor rəhbəri və Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti Taleh Qurbanov deyib.
O bildirib ki, son illərdə baş verən özünəqəsd hadisələri, xüsusilə gənclərin həyatlarını faciəvi şəkildə itirməsi məni dərindən düşündürdü. Hiss etdim ki, insanlara ümid verə biləcək düşüncələri artıq qələmə almağın vaxtıdır.
“Yağışdan Sonra Günəş” zahirən bir gənclə yaşlı kitab satıcısının söhbətlərindən bəhs etsə də, əslində, hər birimizin qorxuları, peşmanlıqları, arzuları və ümidləri ilə olan daxili dialoqudur. Bu əsərdəki düşüncələr yaşadıqlarımdan, müşahidələrimdən və həyatın öyrətdiyi dərslərdən süzülüb gəlir. İnanıram ki, ən güclü yağışdan sonra günəş doğduğu kimi, insan da ən ağır sınaqlardan sonra yenidən ayağa qalxa bilər. Ən böyük arzum odur ki, bu kitab çətin günlər keçirən insanlara tək olmadıqlarını hiss etdirsin və onlara ümid versin. Səmimi təşəkkürümü bu kitabın ərsəyə gəlməsində böyük əməyi olan redaktorum Samir Buluta, həmçinin əsərin oxuculara çatdırılmasına verdiyi dəstəyə görə Alatoran Nəşriyyatına bildirirəm. Ümid edirəm ki, kitabın son səhifəsini bağladığınız gün hekayə bitməyəcək. Əksinə, özünüzlə yeni bir söhbət başlayacaq. Çünki bəzi kitablar son səhifədə bitmir – onlar insanın qəlbində yaşayır və həyat yolunda səssiz yol yoldaşına çevrilir”,- deyə o, həmçinin qeyd edib.












