“Tarix fərqlilərin fırçasında” - FOTOLAR

  • By admin
  • 16 İyun 2022 14:59

14 iyun 2022-ci il tarixində AMEA Milli Azərbaycan Tarix Muzeyində Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan rəssam uşaqların iştirakı ilə muzeyin “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsi çərçivəsində “Tarix fərqlilərin fırçasında” adlı sərgi-tədbir keçirildi..

Sərgi-tədbir AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin, “Ümid var” Könüllülər Təşkilatının, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

AMEA Milli Azerbaycan Tarixi Muzeyinin “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihesi çərçivəsində baş tutan “Tariximiz fərqlilərin fırçasında” sərgi- tədbir əlilliyi olan uşaqların öz istedad və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onların sosiallaşmasına, cəmiyyətə inteqrasiya olunmalarına dəstək olmaqla inklüzivləşməyə tövhə vermək məqsədi daşıyıb. Layihə həm də əlilliyi olan uşaqların Azərbaycan tarixi ilə bağlı maariflənməsi yönündə mühüm xarakter daşıyır. “Ümid var” Könüllülər Təşkilatının dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların tarixi eksponatlar haqqında məlumatları dərindən öyrənərək onları kətan üzərinə köçürmələri əslində cəmiyyətə önəmli mesajlar vermiş oldu. Layihədə ümumilikdə 35 əlilliyi olan uşaq iştirak edirdi.

Sərgidə daun sindromlu, serebral iflic, autizm, eşitmə məhdudiyyətli və digər diaqnozlu 16 əlilliyi olan rəssamın tariximizi əks etdirən əsəri maraqla qarşılandı.

Tanınmış jurnalist Ülkər Rəşidqızının aparıcılığı ile keçən tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə Əhmədova, Azərbaycan Respublikasının Əməkdar artisti Fərqanə Qasımova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-dramaturq Seyran Səxavət, “Ümid var” Könüllülər Təşkilatının rəhbəri Nazilə Məhərrəmova çıxış edərək layihədə iştirak edən uşaqlara uğurlar diləyib, belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini söylədilər.
Tədbirdə layihədə iştirak edən gənc rəssamlar sertifikatlar, müxtəlif hədiyyələrlə təltif olundular.

Tədbirdə Azərbaycanda ilk dəfə olaraq autizmli yeniyetmə olaraq “Bayatı Şiraz” muğamını Azərbaycan Respublikasının Əməkdar artisti Fərqanə Qasımovanın dəstəyi ilə ifa edən Ramiz Ağayevin çıxışı, tanınmış bəstəkar, pianoçu Tural Məmmədlinin müşayəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xarıbülbül” şeirinin Nigar Babayeva tərəfindən söylənilərək, eşitmə əlilliyi olan Şəhla Nağıyevanın jest dilində təqdimatı, əlilliyi olan uşaqların inklüziv olaraq “Günay Muradi” Müasir Rəqs Akademiyasının tipik uşaqları ilə müxtəlif kompozisiyalar nümayiş olundu.

Gununsesi.info