“Vətəndaşlardan əlavə komissiya haqlarının tutulması doğru deyil” -İQTİSADÇI

“Azərbaycanda inflyasiyanın hesablanmasında 528 adda mal və xidmətin istifadə olunması müəyyən metodoloji suallar yaradır. Müqayisə üçün qeyd etdim ki, qonşu Gürcüstanda təxminən 300 məhsul və xidmət səbətindən istifadə edilir”.

Gununsesi.info  bildirir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib:

“Səbətin həddindən artıq geniş olması vətəndaşın gündəlik hiss etdiyi inflyasiyanın rəsmi göstəricilərdə tam olunmasına təsir göstərə bilər.

Vətəndaşların cərimə və digər məcburi ödənişləri həyata keçirərkən vətəndaşlardan əlavə komissiya haqlarının tutulması doğru deyil. Çünki bu ödənişlərin qəbulu üçün aidiyyəti qurumlar öz daxilində kassa infrastrukturu yaratmaq, kassirlər cəlb etmək, iş yerləri təşkil etmək, inzibati və texniki xərclər çəkmək məcburiyyətində qala bilərdilər. Bu proses banklar üzərindən həyata keçirilirsə və banklar həmin qurumların adından bu xidməti göstərirsə, o zaman bu xidmətin dəyərinin vətəndaşların deyil, məhz ödənişi qəbul edən aidiyyəti qurumların hesabına qarşılanması daha ədalətli və iqtisadi baxımdan daha məntiqli yanaşma olardı”.

İqtisadçı hesab edir ki, Mərkəzi Bank rəhbərliyinin kommunikasiyada yanaşması xüsusi təqdirə layiqdir:

“Hesab edirəm ki, bu, müasir institusional idarəetmənin gücləndirilməsi baxımından dəyərli praktik nümunədir”.

Qeyd edək ki, mayın 6-da Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun iştirakı ilə keçirilən mətbuat konfransında pul siyasəti, inflyasiya proqnozları, maliyyə sabitliyi və vətəndaşları narahat edən bir sıra iqtisadi məsələlər ətrafında açıq müzakirələr aparılıb.

 

 

Şəbnəm

Gununsesi.info