İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Velayəti bildirib ki, Qafqaz üçün nəzərdə tutulan “Tramp proqramı” mahiyyət etibarilə Zəngəzur dəhlizi layihəsi ilə eynidir.
Vilayəti bu barədə Tehranda Ermənistanın səfiri Qriqor Hakobyan ilə görüş zamanı bildirib.
O qeyd edib ki, Tehran buna qəti şəkildə qarşıdır.
Vilayəti xatırladıb ki, İran əvvəldən Zəngəzur dəhlizinə qarşı olub, çünki Tehran regiondakı sərhədlərin istənilən dəyişdirilməsini rədd edir və öz ətraf təhlükəsizlik mühitinə təhdid yarada biləcək risklərdən ehtiyatlanır.
Gununsesi.info bildirir ki, Milli Məclisin deputatı Azər Allahverənov mövzuya belə münasibət verib:
“Düşünürəm ki, Əli Əkbər Velayətinin birdən-birə bu cür bəyanatla çıxış etməsinin əsas səbəbi İranın siyasi hakimiyyəti daxilində gedən proseslərdir. Bəlli məsələdir ki, indiyədək nə Zəngəzur layihəsi, nə də Tramp layihəsi ilə bağlı İran rəsmilərinin açıq şəkildə kəskin mövqeyi olmayıb. Hətta İran Prezidenti Pezeşkian regionda kommunikasiyaların açılmasını hamı üçün faydalı ola biləcək bir proses kimi dəyərləndirib.
Bu isə onu göstərir ki, İranın siyasi hakimiyyəti daxilində vaxtilə bu layihəyə qarşı çıxan və bu gün də mövqelərini qoruyan müəyyən qüvvələr mövcuddur. Məhz həmin qüvvələrin mövqeyini hazırda Əli Əkbər Velayəti səsləndirmiş olur. Mesajın Ermənistan səfirliyində verilməsi isə təsadüfi deyil. Pərdəarxası gedən proseslər onu göstərir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı real addımlar atılır.
Xüsusilə Ermənistanın bu məsələyə dair mövqeyini açıq şəkildə dilə gətirməsi diqqət çəkir. Ermənistan tərəfi bildirib ki, 2026-cı ilin birinci yarısında müəyyən hazırlıq işləri görüləcək, həmin ildən etibarən isə infrastrukturun qurulması prosesinə başlanacaq. Bu da real bir prosesin getdiyini təsdiqləyir və artıq bu proseslə bağlı İran üçün də bəlli olan məqamların mövcudluğundan xəbər verir.
Deputat əlavə edib ki, burada təkcə İranın deyil, bəzi digər maraqlı tərəflərin də mövqelərində müəyyən unisonluq müşahidə olunur:
“Mövcud situasiyada İranın bu məsələyə daha sərt etiraz etməsi daha inandırıcı görünür. Tehran bunu sərhədlərinə yaxınlıq, NATO amili, təhlükəsizlik və regionda hərbi balansla əlaqələndirir.
Bununla belə, qeyd etmək lazımdır ki, səsləndirilən bu fikirlər məhz Əli Əkbər Velayətinin mövqeyidir. Digər siyasi mərkəzlərə və daha praqmatik, mütərəqqi yanaşma sərgiləyən dairələrə bağlı qüvvələrin açıqlamaları isə hələlik müşahidə olunmur”.
Şəbnəm












