Xarici siyasətdə olan uğurların az bir hissəsi daxili siyasətimizdə də olsun - ASLAN İSMAYILOV

  • By admin
  • 20 İyul 2022 10:21

Avropa Komissiyanın prezidenti Ursula Fon der Leyenin ölkəmizə səfəri və Azərbaycanın Avropa İttifaqı ilə yeni qaz sazişinin imzalanması çox əlamətdar hadisədir. Hakimiyyət mənsublarına həddindən artıq iradım olduğundan bu məsələyə toxunmaq istəmirdim. Ancaq bir çox “demokratlar”, “ədalət carçıları”nın bu hadisəyə mənfi don geyindirdiyindən bəzi fikirlərimi Sizinlə bölüşürəm.

Bu gün bağlanmış saziş mənim üçün tək iqtisadi məsələ deyil, daha çox suverenliyimizin, ərazi bütövlüyümüzün təminatına yönəlmiş önəmli bir addımdır. Əminəm ki, vaxtilə Bakı-Tbilisi-Ceyhan və digər enerji layihələri olmasa ölkəmiz param-parça ediləcəkdi, indiki Azərbaycan da olmayacaqdı və işğal olunmuş torpaqlardan söhbət də gedə bilməzdi.

Artıq daim bizə təhdid olan Rusiya və İran qarşısında tək Türkiyə yox, Avropa İttifaqı kimi də müttəfiqimiz olacaq. Bu müqavilə Azərbaycanın Avropa Birliyinə inteqrasiyasını tezləşdirəcək, yeni müqavilələrin bağlanmasına start verəcək. Bu da öz növbəsində ölkəmizdə azad seçkilərə, insan hüquq və azadlıqlarının qorunması, azad bazar iqtisadiyyatının formalaşmasına gətirib çıxaracaq.

Nə qədər yeyinti olsa da müqavilədən ölkəmizə külli miqdarda pul gələcək. “Əşşi, enerji müqavilələrinin bizə nə xeyri var” deyənlər ən azında daim bütün dünyadan dəstək alan qonşu Ermənistanın bu günkü aqibətinə baxsınlar və korrupsiyanın tüğyan etdiyi Azərbaycanla müqayisə etsinlər. Diqqətimi çəkən digər vacib məqam isə U.Leyenin və Aİ-nin rəsmi səhifələrində Azərbaycanla bağlanan yeni müqaviləyə ermənilərin və tərəfdarlarının şərhləri oldu. Sözün əsl mənasında yasa batıblar. Bunun özü bir göstəricidir.

Arzu edərdim ki, xarici siyasətdə olan uğurların az bir hissəsi daxili siyasətimizdə də olaydı.

Aslan İsmayılov
Gununsesi.info