YAP-ın qurultayında Leyla Əliyevaya vəzifə verilsin!

  • Müəllif: admin
  • 10 Sentyabr 2026 14:24

Yeni Azərbaycan Partiyasının məşhur simalarından biri olan Vaqiv Abdullayev yeni təşəbbüslə çıxış edib.
Gununsesi.info-nun xəbərinə görə, Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyası (YAP) növbəti – VIII qurultayına hazırlaşdığını xatırladaraq, Leyla Əliyevanın partiyada yüksək post tutmasının əhəmiyyətini vurğulayıb:

”Partiyanın 2021-ci il martın 5-də keçirilən VII qurultayından keçən müddətdə Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm dəyişikliklər baş verib.
Müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın hər bir guşəsində, Qarabağda 2024-cü il fevralın 7-də Prezident seçkiləri keçirilib. Seçkilərdə YAP-ın namizədi Cənab İlham Əliyev növbəti dəfə inamlı qələbə qazanıb.
Eləcə də, 2024-cü il sentyabrın 1-də Milli Məclisinə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası parlamentdə böyük üstünlük qazanıb.
Bütün bunlar YAP-ın siyasi nüfuzunu, siyasi proseslərdə liderliyini və Azərbaycanın ictimai həyatının lokomotivi olduğunu göstərir.
Ötən qurultaydan keçən 5 ildə ölkəmizin çoxpartiyalı sistemi daha da təkmilləşib, ölkədə yeni siyasi konfiqurasiya mühiti formalaşıb, siyasi dialoq güclənir.
Bütün bu çağırışlar YAP-da yeni gənc nəslin fəallığını daha da artırmaqdadır.
Savadlı və intellektual, yaradıcı gənc kadrlar idaretmədə və ictimai-siyasi proseslərdə, parlamentdə, siyasi strukturlarda daha çox təmsil olunurlar.
Qarşıdakı YAP-ın VIII qurultayında bir sıra struktur və idarəetmə dəyişikliklərinin olması labüddür.
Gənc kadrların partiya işində daha aktiv olması, Mərkəzi Aparatdan tutmuş digər strukturlarda aparıcı yer tutmaları çox zəruridir.
YAP Siyasi Şurasının üzvü olmuş şəxs kimi təklif edərdim ki, indiyə qədər həyata keçirdiyi bütün ictimai-sosial, humanitar layihələrlə Azərbaycan gənclərinin etimadını qazanmış, Azərbaycanda və dünyada böyük ictimai xadim kimi tanınan Leyla xanım Əliyeva YAP-nın rəhbər qurumlarından birində təmsil olunsun.
Leyla xanımın çalışqanlığı ilə gənc nəslin nümunəvi Liderinə çevrilməsini qeyd-şərtsiz ölkədə hamı təsdiqləyir.
Heydər Əliyev Fondunun vitse-prezidenti və İDEA təşkilatının rəhbəri kimi ərsəyə gətirdiyi layihələr yüksək təşkilatçılıq qabiliyyətini əks etdirir.
Leyla xanım dünyanın müxtəlif ölkələrinə davamlı səfərlər edir, dövlət başçıları ilə görüşür. Azərbaycanı təbliğ edir. Bunun özü böyük ictimai-siyasi fəaliyyət, diplomatiyadır.
Yeri gəlmişkən, ötən il Leyla xanımın fəaliyyətindən bəhs edən kitab nəşr edərək Onun zəngin fəaliyyətinin bir çox epizodlarını oxuculara çatdırmışam.
YAP-ın beynəlxalq əlaqələrinin daha güclənməsi, bir çox ölkənin aparıcı siyasi təşkilatları ilə intensiv siyasi dialoqlarının qurulması baxımından Leyla Əliyevanın fəaliyyətimə böyük ehtiyac var.
Ona görə də, Leyla Əliyevanın YAP rəhbərliyində təmsil olunmasını artıq siyasi reallıq hesab edirəm, inanıram ki, bu, cəmiyyətimizin bütün gənclərinin istəyidir.
İnanıram ki, Cənab Prezident, YAP Sədri İlham Əliyev yüz minlərlə gəncin bu arzusunu nəzərə alacaq.

Afət Abbasova

Gununsesi.info