5 il əvvəl MM “Ali təhsil qanunu” üzərində işə başladı. Proses hələ də davam edir. “Təhsil Qanunu” üzərində iş isə 10 il davam etmişdi.
Bu ərəfədə MM-də millət vəkili təklif etmişdi ki, yeni təhsil qanununa ehtiyac var, yeni qanun hazırlamaq lazımdır. Yaxşı təklifdir. Elm və təhsildə gedən Rəqəmsal transformasiya prosesləri, süni intellektin elm və təhsilə ciddi təsirləri bunu zəruri edir. Bir müddət öncə bu mövzuda məqalə yazmışdıq.
Amma 10 ilə “Təhsil haqqında qanun”, 5 ilə “Ali təhsil haqqında qanun”u hazırlaya bilməyən parlamentin yeni təhsil qanunu hazırlaması üçün də əlavə 10 il gözləmək lazim olar yəqin.
Onsuz da təhsil nazirliyi öz fəaliyyətində bu qanuna əsaslanmadı. Bu səbəbdən “Ali təhsil” qanunu üzərində 5 il işlənilməsi adi haldır, bu qanuna da nazirlik yəqin ki, əməl etməyəcək. Onlar əsasən öz yazılmamış “qanunları” ilə işləyirlər.
Ümumiyyətlə, MM elm və təhsil sahəsində fəaliyyətini intensivləşdirsə, hər ay nazirin parlament komitəsində hesabatını və bu sahənin durumunun ictimai müzakirəsini təşkil etsə, bəlkə menecerlərin məsuliyyəti bir az artar, təhsildə nə isə dəyişər. Hələlik isə, ETN nə deputat sorğusuna, nə də deputatların təklifinə məhəl qoymur.
Daha ətraflı…
5 il əvvəlin mətbuatı yazırdı:
Milli Məclisdə “Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması məqsədi ilə Parlamentin Elm və təhsil komitəsi üzvlərinin, Təhsil Nazirliyinin təmsilçilərinin və mütəxəssislərin iştirakı ilə iclas keçirilib.
Müzakirələrdə qeyd edilib ki, 2009-cu ildən sonra dünyada təhsil sistemində böyük dəyişikliklər olub. Çalışacağıq ki, həm dünya təcrübəsində olan dəyişikliklər, həm də Azərbaycan təhsilindəki yeniliklər layihədə öz əksini tapsın.
Amma MM iş tempi ilə dünya təhsilinin inkişaf tempi arasında fərq çox böyükdür, necə deyərlər, “onlar çox sürətlə inkişaf edir, bizimkilər çata bilmir.”
Görəsən “Ali təhsil qanunu”nu bu il parlamentdə təsdiq ediləcəkmi? Qanun qəbul edilsə nə dəyişəcək ki?
Strategiyası, elm və təhsil üzrə strateqləri peşəkar təhsil menecerləri, təhsil elmi olmayan, heç bir elmi təminata əsaslanmayan nazirlik üçün yeni “Təhsil haqqında qanun”, “Ali təhsil haqqında qanun”un olması heç nəyi dəyişməz. Qanun yol hərəkəti qaydasıdır. Hara gedəcəyini bilməyən təhsilin yol hərəkət qaydasına ehtiyacı yoxdur.

İlham Əhmədov
Təhsil eksperti, dosent












