Ziya Məmmədov “müharibəyə gedəniniz varmı” sualına belə cavab verdi - SABİQ NAZİR DEYİR Kİ...

  • By admin
  • 24 Oktyabr 2020 14:44

 

 

Azərbaycanla Ermənistan arasında davam edən yeni müharibədə ölkəmizdə cəmiyyətin bütün təbəqələrinin ordu ətrafında həmrəyliyi görünür. Özünü bu vətənin övladı sayan hər kəs ordumuz üçün əlindən gələni edir.

Bununla belə sosial şəbəkələrdə Azərbaycanda uzun illər nazir postunu tutan və bu gün də tutmaqda davam edən bəzi adamların bu prosesdəki roluna dair suallar səsləndirilir. Belə ki, həmin şəxslərin övladlarının orduya gedib-getməməsi, habelə, Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub-olmaması sorğulanır.

Sabiq nəqliyyat naziri Ziya Məmmədov Gununsesi.info-nun əməkdaşı ilə söhbətində bu haqda suallara cavab verib.

Sabiq nazir sualmızı cavablandırmazdan öncə müharibə barədə fikirlərini açıqladı. 

 

 

Əvvala, Uca Tanrıdan bu müharibədə  şəhid olan oğullarımıza rəhmət, yaralananlara şəfa diləyirəm.

Bütün xalqımızı, dövlətimizi bu uğurlar münasibəti ilə təbrik edirəm. Ali Baş Komandanımıza uzun ömür və hər zamanki kimi qüdrət arzu edirəm. Şübhəsiz ki, bu qələbələrə Ali Baş Komdandanımızın rəhbərliyi ilə gedirik. Bunların hamısının təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Ötən illərdə ordu quruculuğu nəhayət ki, bizi bu qələbələrə gətirdi. Cənab Prezident özü bəyan etmişdi ki, nəyi nə zaman edəcəyimizi mən bilirəm. Vətəndaşlarımız bəzən tələskənlik edirdi. Baxmayaraq ki, köçkünlərimiz üçün də şəraitlər yaradılmışdı amma vətən həsrəti insanları buna vadar edirdi. Bu gün qazandığımız qələbələr Heydər Əliyev siyasətinin və bunu davam etdirən İlham Əliyevin mənəvi, siyasi uğurudur. Arzu edirəm ki, bu qələbəmiz sonadək davam etsin. İnanıram  ki, biz onu da görəcəyik. Qarşıda isə həmin ərazilərin abadlaşdırılması, infrastrukturların qurulması məsələləri həll olunacaq.

Azərbaycan xalqı hər zaman sülhsevər olub. Heç zaman kiminsə torpağında gözümüz olmayıb. Ancaq bizə qarşı işğal baş verib. Biz sülhlə çalışdıq ki, yoluna qoyaq. Amma qarşı tərəf bunu dərk etmədi.

Allaha həmd olsun ki, biz bu müharibəni qələbə ilə davam etdiririk. Allah ordumuza qüdrət versin.

  • Ziya müəllim, sosial şəbəkələrdə Sizin və hazırda çalışan bəzi nazirlərin ailə üzvlərindən, doğmalarından “bu müharibədə olan varmı” deyə suallar səsləndirilir. Bu barədə nə deyərdiniz, yaxınlarınız müharibədə iştirak edirmi? 

 

  • Bəli, mənim çox yaxın qohumlarım bu müharibədə iştirak edir. Onların sayı 6-7 nəfərdir. Əsgər kimi xidmət edənlərlə yanaşı, həm də könüllü gedənlər var. Onlar da bu vətən üçün vuruşur. Bu proses qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.  Kim çağrılırsa, mütləq getməlidir. Hamımız bu vətənə borcluyuq.

 

  • Silahlı qüvvələr Yardım Fonduna necə, vəsait köçürdünüzmü?

Mən bunu çoxları kimi reklam etməmişəm. Bəli, mən gücüm yetən qədər Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmişəm. Amma bunun danışılmasını istəmirəm.

  • Sirr deyilsə, məbləğ nə qədərdir? 

Bunu açıqlamaq istəmirəm. Onu da deyim ki, kəndimizdən və qonşu kəndlərdən hazırda müharibədə olanlar var. Mən onların ailəsinə də yardım edirəm. Bu müharibə bitənə qədər bunu davam etdirəcəm.

 

Günay Təhməzova

Gununsesi.info