Əfqan qadınlar Talibanın qoyduğu təhsil məhdudiyyətlərinə etiraz edir

  • By admin
  • 19 Oktyabr 2022 15:12

Əfqanıstanın paytaxtında qadın fəallardan ibarət böyük bir qrup Taliban hakumətinin Kabil Universitetinin yataqxanasından onlarla qız tələbənin qovulmasına qarşı etiraz aksiyası keçirib.

Gununsesi.info xarici mediaya istinadən bildirir ki, aralarında tələbələr də olan nümayişçilər universitet şəhərciyinin qarşısında toplaşaraq “Təhsil bizim qırmızı xəttimizdir”, “Sükut – xəyanətdir” kimi şüarlar səsləndirib.

Mitinq iştirakçıları İslamçı Talibanın rəhbərlik etdiyi Ali Təhsil Nazirliyini son bir neçə gün ərzində azı 40 qız tələbəni ölkənin ən qədim və ən hörmətli müəssisələrindən birindən qovmaqda ittiham edib.

Bazar günü nazirliyin bəyanatında bir neçə qadının universitet qaydalarını pozduqları üçün yataqxanadan çıxarıldığını təsdiqlənsə də, əlavə məlumat verilməyib.

Çərşənbə axşamı mitinqdə iştirak edən Lilia Basim Amerikanın Səsinə “Tələbələr Kaaj təhsil mərkəzinə edilən hücuma qarşı etiraz aksiyasında iştirak etdikləri üçün cəzalandırılıb” deyib.

O, sentyabrın 30-da Kabilin qərbindəki məhəllədə 46-sı qız və qadın olmaqla, 53 nəfərin həyatına son qoyan özəl məktəbdəki intiharçı hücumuna toxunub. Orada əksəriyyəti qadın olan 110 nəfər yaralanıb.

Bu hücum Kabil də daxil olmaqla, bir neçə böyük şəhərdə qadın fəalları və tələbələri qəzəbləndirib və onları ədalət tələb etmək üçün küçələrə çıxmağa məcbur edib.

Taliban araşdırma aparıldığını bildirib. Lakin islamçı hökmət hələ nəticəni açıqlamayıb və heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətin nəzarətini ələ keçirib və sonra müharibədən əziyyət çəkən ölkəni idarə etmək üçün yalnız kişilərdən ibarət müvəqqəti administrasiya yaradıb.

Buna baxmayaraq, əsasən insan haqları ilə bağlı narahatlıqlar və siyasi inklüzivliyin olmaması səbəbindən bu rejimə heç bir ölkə tərəfindən rəsmi olaraq legitimlik verilməyib.

Sərt-xətt tərəfdarı qrup hakimiyyətə gəldikdən sonra qadınlara bir sıra məhdudiyyətlər tətbiq edib. Belə ki, onların iş və təhsilə çıxışını məhdudlaşdırıb, dövlət sektorunda çalışan qadınların əksəriyyətinə evdə qalmaq və qadın jurnalistlərə televiziyaya üzünü örtüb çıxmaq göstərişi verib.

Ölkə üzrə dövlət və özəl universitetlər cinsiyyətə görə qadınlar üçün ayrılmış böğlmələrdə açıq olsa da, Taliban ictimai vədlərini pozaraq, yeddinci sinifdən 12-ci sinifə qədər yeniyetmə qızların məktəbə getməsinə qadağa qoyub.

Qrup qadağanı aradan qaldıracağına dair mart ayında verdiyi vədi dəfələrlə rədd edib.

Gununsesi.info