Hüquqşünas Müşfiq Abbasov vətəndaşlara avtomobil alarkən diqqətli olmaları ilə bağlı çağırış edib.
Gununsesi.info bildirib ki, bu barədə o sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, son vaxtlar dələduzlar internetdə ayrı-ayrı şəxslərə məxsus avtomobillərin şəkillərini paylaşaraq onları bazar qiymətindən xeyli ucuz qiymətə satışa çıxarırlar.
“Həmin elanı görən şəxs göstərilən nömrə ilə əlaqə saxlayır. Qarşı tərəf rayonda yaşadığını, yaxın adamının xəstə olduğunu və təcili pula ehtiyacı olduğu üçün avtomobili ucuz satdığını bildirir. Eyni zamanda deyir ki, başqa alıcılar da zəng edir və kim əvvəl beh göndərsə, avtomobili ona satacaq”, – deyə hüquqşünas qeyd edib.
Müşfiq Abbasov bildirib ki, bu sözlərə inanan alıcı avtomobili başqasına satmamaq üçün satıcının verdiyi bank kartına adətən 300 manat beh köçürür. Daha sonra avtomobilin olduğu deyilən ünvana yollandıqda isə həmin nömrə artıq əlçatan olmur. Araşdırma zamanı məlum olur ki, göstərilən rayonda nə həmin avtomobil, nə də belə bir satıcı var.
Hüquqşünasın sözlərinə görə, bu üsulla ölkədə yüzlərlə vətəndaş aldadılıb. O qeyd edib ki, dələduzluq şəbəkəsinin xaricdən idarə edildiyi və zərərin məbləğinin çox vaxt 500 manatdan az olduğu iddia edildiyindən, onların məsuliyyətə cəlb olunması çətinləşir.
Müşfiq Abbasov vətəndaşlara internetdə yerləşdirilən şübhəli elanlara inanmamağı, avtomobili yerində görmədən və satıcının şəxsiyyətini dəqiqləşdirmədən heç bir halda beh göndərməməyi tövsiyə edib.
Şəbnəm












