Ukraynaya dəstək məqsədilə yaradılmış “Könüllülər koalisiyası” yenidən bir araya gəldi. Görüşdə Böyük Britaniya və ABŞ nümayəndələri də iştirak etdilər. Göründüyü kimi, Avropa İttifaqı və NATO ölkələri Ukraynaya dəstək məsələsində ortaq mövqe nümayiş etdirməyə çalışırlar. Artıq Rusiyanın kölgə donanmasına qarşı da konkret addımlar atılır. Hətta Liviya sahillərində və Finlandiya sahilləri yaxınlığında Rusiya ilə əlaqəli kölgə donanmasının gəmiləri hədəfə alınır.
Bütün bunlar onu göstərir ki, Qərb Ukrayna məsələsində daha konkret və sərt mövqe ortaya qoymağa başlayıb. Donald Trampın Putinlə bağlı fərqli yanaşmasına baxmayaraq, Vaşinqtonda da bu məsələdə fikir ayrılıqları mövcuddur. Ağ Ev daxilində Ukrayna siyasəti ilə bağlı vahid mövqenin olmadığı müşahidə edilir. Hətta Trampın kürəkəni Cared Kuşnerin də Ukrayna məsələsində onun yanaşmasını tam dəstəkləmədiyi barədə fikirlər səsləndirir.
Böyük Britaniyanın öncüllük etdiyi Avropa koalisiyası Ukraynaya siyasi və hərbi dəstəyin davam etdirilməsində maraqlı olduğunu nümayiş etdirir. Eyni zamanda, Putinin müharibənin dayandırılması ilə bağlı təkliflərin bəzi bəndlərinə razılıq verməsi Moskvanın müəyyən məsələlərdə geri çəkilməyə hazır olduğunu göstərir. Bununla belə, Donbas məsələsində Rusiya hələ də öz mövqeyini qoruyur.
Düşünürəm ki, Qərbin mövqeyinin daha da sərtləşməsi, eləcə də gələn ilin yanvarından etibarən ABŞ Konqresində demokratların fəaliyyətə başlaması Tramp administrasiyasının Ukrayna siyasətinə təsir göstərə bilər. Bu amillər Rusiyaya qarşı siyasi və iqtisadi təzyiqlərin artmasına gətirib çıxara bilər.
Rusiya üçün daha mürəkkəb mərhələnin başlanîr. Moskva gələn il atəşkəsə razılaşmaq məcburiyyətində qala bilər. Bununla belə, Rusiyanın müharibəni daha genişmiqyaslı eskalasiyaya aparması hazırkı şəraitdə o qədər də real görünmür.












