7 fevral seçkilərində Xalq qalib gələcək

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə demokratik respublikaçılıq ənənələrinə əsaslanan çoxsaylı seçkilər keçirilib. Prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı kifayət qədər təcrübə toplanıb.

Bildirir ki, 70 il davam etmiş Sovet idarəçiliyi dövründə formal seçki kampaniyalarını kənardan müşahidə edən xalq son 30 il ərzində keçirilmiş seçkilər zamanı seçki texnologiyaları ilə yaxından tanış olub və bu proseslərdə fəal iştirak edib.

Xüsusilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra keçirilmiş seçkilərin nəticələri məhz birbaşa vətəndaşların rəyini əks etdirməklə keçən 30 il ərzində bütün istiqamətlərdə ölkəmizin ahəngdar inkişafını təmin edib.

Bu müddət ərzində keçirilmiş prezident seçkilərinin xronologiyasına baxdıqda 2003-cü ildən bəri prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin hər bir seçki müddəti üçün irəli sürdüyü proqramların həmin müddətdə artıqlaması ilə yerinə yetirildiyini görməmək mümkün deyil.

Azərbaycanı beynəlxalq arenada sıxışdırmağa və təkləməyə çalışan rəqib dövlətlərin və onların ölkəmizdə təmsil olunan 5-ci kolonunun iddialarına rəğmən İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın siyasi, hərbi, iqtisadi, mədəni, səhiyyə, təhsil, sosial sahələrdə hərtərəfli davamlı inkişafı və əldə etdiyi yüksək nailiyyətlər danılmazdır.

Bu nailiyyətləri hər bir vətəndaş öz şəxsi həyatında hiss edib. Azərbaycan dövlətinə rəhbərlik etdiyi bütün illərdə İlham Əliyev xalqın bütün arzu və istəklərinə həssaslıqla yanaşıb və  “hər bir Azərbaycanlının prezident olmaq” kiimi şərəfli bir öhdəliyi ləyaqətlə yerinə yetirib.

2018-ci ilin prezident seçkilərində ölkədə dinamik inkişafın təmin ediləcəyini və işğal altında qalan torpaqlarımızın azad ediləcəyini bəyan edən İlham Əliyevin xalq qarşısında üzərinə götürdüyü öhdəlikləri ən yüksək nəticələrlə və vaxtından da əvvəl yerinə yetirməsi ölkə başçısının ən böyük siyasi uğurudur.

Torpaqlarımızın düşmən işğalından tam azad olunması, ərazi bütövlüyümüzün təmin olunması və suverenliyimizin tam şəkildə bərpa edilməsi Azərbaycan dövlətinin tarixi Zəfəridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl edərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. İş

ğal faktının arxasında dayanan beynəlxalq güc mərkəzlərinin müqavimətinə baxmayaraq belə bir möhtəşəm zəfərin qazanılması Prezident və Ali Baş Komandan kimi məhz İlham Əliyev siyasətinin təntənəsidir. Bu uğur bütövlükdə Azərbaycan xalqının taleyüklü problemi olan Qarabağ probleminin birdəfəlik ədalətli həllini təmin etməklə bərabər həm də ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcını qoyur.

Əldə edilmiş nailiyyətləri möhkəmləndirmək və post-müharibə dövründə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmaq kimi iddialı bir vəzifəni yeni inkişaf proqramının əsasına qoyan Prezident İlham Əliyev Azərbaycanı növbəti uğurlar yoluna çıxarmaqda qərarlıdır.

Əvvəlki prezidentlik dövrlərində olduğu kimi qarşıdan gələn yeni dövr üçün də İlham Əliyevin hərtərəfli dərindən düşünülmüş  fəaliyyət proqramının hazır olduğuna heç bir şübhə yoxdur.

Yeni növbədənkənar seçkilərin elan olunması da onu göstərir ki, Prezident İlham Əliyev vaxt itirmədən yeni və daha sürətli inkişaf strategiyasının həyata keçirilməsinə qərar verib. Keçən 20 il ərzində dövlət və ordu quruculuğu, iqtisadi-siyasi və mədəni-sosial sahələrdə əldə edilmiş böyük uğurlar, beynəlxalq arenada müstəqil dövlət kimi Azərbaycanın nüfuzunun davamlı olaraq artması gələcək uğurlarımız üçün möhkəm zəmin yaradıb.

Bu etibarlı zəmin üzərində Heydər Əliyevin arzuladığı kimi “Azərbaycanın dünyaya günəş kimi doğmasını” təmin etmək Prezident İlham Əliyevin müqəddəs missiyasıdır. Bu şərəfli missiyanın həyata keçirilməsi üçün bütün Azərbaycan xalqı Prezident İlham Əliyev ətrafında birləşib onun yeni inkişaf strategiyasını dəstəkləyir. Növbəti seçkilər ərəfəsində ölkədə hökm sürən yüksək siyasi əhval-ruhiyyə də onu göstərir ki, 7 fevral seçkilərində xalq qalib gələcək.

 

Cavanşir Feyziyev

Gununsesi.info