Britaniya səfirliyi parlamentin təşəbbüsünə reaksiya verdi - BƏYANAT

  • Müəllif: Firuzə
  • 27 Fevral 2026 11:01

Məlum olduğu kimi, fevralın 18-də Böyük Britaniya Parlamentinin hər iki palatasının- Lordlar və İcmalar palatalarının 7 üzvünün iştirak etdiyi qrup tərəfindən “Dağlıq Qarabağda mədəni irsin dağıdılmasının araşdırılması” adı altında ölkəmizə qarşı qərəzli təşəbbüsə start verilib.

Gununsesi.info bildirir ki, Birləşmiş Krallığının Azərbaycandakı səfirliyi isə məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Böyük Britaniyanın Cənubi Qafqaz regionu üzrə mövqeyi aydın və dəyişməz olaraq qalır.

Britaniya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır:

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davamlı və dayanıqlı sülhə aparan yeganə yol kimi dəstəkləyirik”.

Bəyanatda qeyd edilib ki, Böyük Britaniyanın Bakıdakı Səfirliyi Əlahəzrət Kral III Çarlzın Hökumətini təmsil edir və Böyük Britaniya Hökumətinin xarici siyasət mövqelərini ifadə edir:

“Səfirlik Böyük Britaniyanın konstitusiya sistemində ayrıca və müstəqil hakimiyyət qolu olan Britaniya Parlamentinin adından çıxış etmir. Parlament Hökumətdən müstəqil fəaliyyət göstərir və onun dinləmələri, müzakirələri və araşdırmaları Əlahəzrət Kral III Çarlzın Hökumətinin rəsmi siyasətini deyil, ayrı-ayrı deputatların və ya parlament komitələrinin mövqelərini əks etdirir. Bu səbəbdən Səfirliyin parlament proseslərinin məzmunu və ya gedişatı ilə bağlı şərh verməsi məqsədəuyğun hesab edilmir. Bununla bağlı bütün sorğular www.parliament.uk ünvanı vasitəsilə birbaşa Britaniya Parlamentinə yönləndirilməlidir”.

Gununsesi.info