Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci il üzrə iş planına uyğun olaraq Dövlət Gömrük Komitəsində aparılmış uyğunluq auditi ciddi maliyyə və uçot pozuntularını üzə çıxarıb.
Gununsesi.info-nun xəbərinə görə, audit 1 yanvar 2023-cü ildən 1 yanvar 2025-ci ilədək dövrü əhatə edib.
Bu müddətdə Komitə üzrə pul vəsaitlərinin hərəkəti daxilolmalar üzrə 240,7 milyon manat, xaricolmalar üzrə isə 238,8 milyon manat təşkil edib.
Yoxlama zamanı bir sıra ciddi nöqsanlar müəyyən olunub ki, onlara aşağıdakılar aiddir:
1-2023-cü il üzrə büdcədənkənar xərclərin formalaşdırılması zamanı bəzi maddələr üzrə 5,7 milyon manat azaldılma, digər maddələr üzrə isə 37,7 milyon manat artırılma aparılıb.
2-Dövlət mülkiyyətinə keçirilmiş əmlakın satışından əldə olunan 24,6 min manat vəsait xəzinə hesabına deyil, “Azərterminalkompleks” Birliyinin hesabına yönəldilib.
3-İnzibati cərimələr üzrə uçot sisteminin tam aparılmadığı, reyestrlərin natamam olduğu aşkarlanıb.
4-Əməkhaqqına daxil edilməyən gəlirlər üzrə 602,3 min manat işsizlikdən sığorta haqqı tutulmayıb və köçürülməyib.
5-Ümumi gömrük dəyəri 2,08 milyon manat olan mallar üzrə gömrük ödənişlərinin hesablanması və ödənilməsi təmin edilməyib.
6-Yeni inzibati binanın tikintisi üzrə bəzi müqavilələrdə işlərin qiymətləri süni şəkildə artırılıb.
Audit həmçinin maliyyə uçotu sahəsində ciddi çatışmazlıqları üzə çıxarıb.
Daha dəqiq, “1C: Kompleks Avtomatlaşdırma 2.4” proqramı tətbiq olunsa da, məlumatlar sistemə tam daxil edilməyib, aktiv və öhdəliklərin inventarizasiyası vaxtında aparılmayıb, depozit hesablarında olan minlərlə manat vəsait maliyyə sənədlərində əks etdirilməyib, tarixi bina üzrə amortizasiya xərclərinin əsassız hesablanmasına yol verilib, 746,9 min manatlıq xidmət xərcləri uzunmüddətli aktiv kimi uçota alınmayıb və tikinti layihələri üzrə təxminən 2,7 milyon manatlıq dəyər maliyyə sənədlərində az göstərilib.
Auditin yekununda Hesablama Palatası Komitənin fəaliyyətinə şərti müsbət rəy verib. Bununla yanaşı, 966,1 min manat dövlət büdcəsinə bərpa edilməlidir, 828,2 min manat natura formasında bərpa olunmalıdır, 3,1 milyon manat maliyyə uçotuna daxil edilməlidir.
Kollegiya aşkar olunmuş nöqsanların aradan qaldırılması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq sənədlərin göndərilməsi barədə qərar qəbul edib.
Orxan











