Xəbər verdiyimiz kimi, 2026-cı ilin 7 iyun tarixində Ermənistanda seçkilər keçiriləcək.
Bu seçki 2023-cü ildə Qarabağ ermənilərinin Ermənistana təxliyəsindən sonrakı ilk Ermənistan seçkiləri olacaq.
Sözügedən seçkilər geosiyasi nöqteyi-nəzərindən vacibdir.
Çünki seçkilərdə iştirak edən hakimiyyət Qərb yönümlüdür və Azərbaycanla münasibətləri düzəltmək istəyir, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.
Müxalifət isə daha çox Rusiya tərəfdarıdır, Paşinyanı Qarabağ siyasətinə görə tənqid edir.
Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, Paşinyan seçiləcək:
“Baxmayaraq ki, ona Rusiya tərəfindən ciddi təhlükə yaranması nəzərdə tutulur, ancaq proses onu göstərir ki, ictimai rəyi öz xeyrinə dəyişə bildi. Əsasən də bu prosesi müharibə-sülh qarşıdurması kimi cəmiyyətə çatdıra bildi. İndi Paşinyana dəstək vermək sülhə dəstək verməkdir. Köçəryana, Karapetyana dəstək vermək isə müharibəyə yenidən hazırlaşmaq deməkdir. Adətən, cəmiyyət təhlükəsizlik sindromunu öz məişətində, həyatında önə çəkir. Ona görə də birinci yanaşmanın daha çox uğurla yekunlaşacağını demək olar. Üstəlik, Paşinyan açıq, komplekssiz bir seçki kampaniyası aparır. Özünü xalqdan biri kimi bütün proseslərin içində o dəstəyi son nəfərə qədər qazanmağa çalışır. Burada sürpriz gözləmirəm. Düzdür, xarici müdaxilə, yaxud da ölkə üçün arzuolunmaz kənar təzyiqlər ola bilər. Ancaq Rusiyanın da bu prosesi asan gerçəkləşdirmək ehtimalı asan görünmür. Ona görə də Paşinyanın qalib gəlmə ehtimalı gündən günə böyüyür”, – deyə millət vəkili həmçinin qeyd edib.
Orxan












