Son vaxtlar iş yerlərində ən çox mübahisə doğuran məsələlərdən biri “sınaq müddəti” adı ilə əmək müqaviləsinin birdən-birə ləğv edilməsidir.
Bir çox işçi düşünür ki, sınaq müddətində işəgötürən istənilən vaxt və səbəbsiz şəkildə əmək münasibətlərinə son qoya bilər.
Lakin hüquqşünaslar bildirir ki, bu yanaşma tam doğru deyil.
Gununsesi.info-ya danışan hüquqşünas Rəşad Səfərovun fikrincə, əmək qanunvericiliyinə əsasən, sınaq müddəti işəgötürənə və işçiyə əmək münasibətlərini qiymətləndirmək üçün verilən bir dövrdür. Bu müddət ərzində əmək müqaviləsinin ləğvi mümkündür, lakin bu, “tam sərbəst və səbəbsiz” hüquq demək deyil.
Hüquqşünasın izahına görə, sınaq müddətində belə işdən çıxarılma müəyyən qaydalara tabe olmalıdır. İşəgötürən əmək müqaviləsinə xitam verərkən bu qərarın əsasını göstərməli və əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedurlara əməl etməlidir. Məsələn, işçinin vəzifəni yerinə yetirməməsi, peşə bacarıqlarının uyğun olmaması və ya digər obyektiv səbəblər kimi hallar əsaslandırma üçün istifadə oluna bilər.
“Sadəcə “uyğun görmədik” və ya “sınaq müddətidir” kimi ümumi ifadələrlə işdən çıxarılma hüquqi baxımdan mübahisəli hesab oluna bilər. Belə hallarda işçi bu qərara etiraz edərək müvafiq orqanlara və ya məhkəməyə müraciət edə bilər. Qanunvericilik işçini sınaq müddətində də tam hüquqsuz vəziyyətə salmır. Əksinə, əmək münasibətlərində tərəflər arasında balansın qorunması nəzərdə tutulur. Buna görə də hər bir işdən çıxarma qərarı konkret əsas və prosedurla təsdiqlənməlidir. Nəticə olaraq, sınaq müddətində olmaq işəgötürənə “səbəbsiz işdən çıxarma imkanı” vermir. Hər bir qərar hüquqi çərçivədə əsaslandırılmalı və əmək qanunvericiliyinə uyğun olmalıdır. Əks halda, belə xitamlar qanunsuz hesab edilə və mübahisələndirilə bilər”, -deyə o qeyd edib.
Orxan












